Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri tütünlə mübarizəyə dair yekun tədbirdə iştirak etmişlər

31-01-2018 203 dəfə oxunub
Ombudsmanın nümayəndələri tütünlə mübarizəyə dair yekun tədbirdə iştirak etmişlər

31 yanvar 2018-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi üzrə Texniki Məsləhətçi Qrupunun (TMQ) yekun iclası keçirildi. İclasa Milli Məclis Aparatının, İSİM-in, digər aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri, habelə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Mahir Məmmədov və Gülnar Rəhimova qatıldı.

Tədbirdə layihə çərçivəsində TMQ-yə rəhərlik edən İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev layihənin məqsəd və məramı, tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihənin yekun və nəticələri haqda tədbir iştirakçılarına ətraflı məlumat verdi. 

Sonra Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun  tətbiq edilməsi, Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin əsas məqsədi kimi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyinin gücləndiriməsi istiqamətində görülən işlərin əhəmiyyəti diqqətə çatdırıldı.

Ombudsmanın nümayəndələri müzakirələr zamanı mövzu üzrə çıxış edərək, Müvəkkil professor Elmira Süleymanovanın əhalinin sağlamlıq, o cümlədən sağlam ətraf mühitdə yaşamaq hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl, məqsədyönlü fəaliyyəti, bu sahədə qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi  ilə bağlı təklifləri, habelə mövcud sahədə həyata keçirdiyi kompleks tədbirlər  barədə ətraflı məlumat verdilər.

Ombudsmanın fəaliyyəti dövründə ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini üzrə yol xəritəsi olduğunu,  bu sənədlərin həyata keçirilməsi üzrə işçi qrupuna rəhbərlik etmək  Müvəkkilə təklif olunduğu qeyd edildi. Sözügedən Milli Fəaliyyət Proqramının icrası ilə bağlı respublikanın hər bir şəhər və rayonunda Ombudsman tərəfindən ictimai dinləmələrin keçirildiyi, həmin tədbirlər çərçivəsində Müvəkkil tərəfindən digər sahələrlə yanaşı, sağlam həyat tərzinin təbliğinə də xüsusi önəm verildiyi vurğulandı. 

Eyni zamanda Ombudsman Aparatının əməkdaşları tərəfindən mövcud məsələ üzrə cəmiyyətdə hər qrupa, o cümlədən yaş qruplarına uyğun olaraq maarifləndirmənin paytaxt və regionlarda gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacib olduğu vurğulandı.

Bildirildi ki, TMQ çərçivəsində Ombudsman Aparatının əməkdaşları mütəmadi olaraq İSİM-də toplaşaraq tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmiş, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər vermiş, tütünlə mübarizənin gücləndirilməsinə dəstək üçün təşkil olunan kampaniyalarda, dəyirmi masalarda fəal iştirak etmişlər.

Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edildi, xatirə fotosu çəkildi.