Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı qəbulu həyata keçirmişdir

24-01-2018 10262 dəfə oxunub
Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı qəbulu həyata keçirmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində məhkumların, o cümlədən qadın məhkumların hüquqlarının müdafiəsi mühüm yer tutur. Bu məqsədlə penitensiar müəssisələrə müntəzəm olaraq başçəkmələr, orada saxlanılan şəxslərlə görüşlər, onların müraciətlərinin qəbulu və araşdırılması həyata keçirilir. 

Ombudsman Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti dəfə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində (CÇM) “açıq qapı” qəbulu keçirmişdir.

Qəbuldan öncə Ombudsman müəssisə rəhbərliyinin və məhkumların geniş tərkibdə iştirakı ilə hüquqi maarifləndirici görüş keçirmiş, dövlətimizin humanizm siyasətinə uyğun olaraq mütəmadi olaraq əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu diqqətə çatdıraraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının mahiyyəti və əhəmiyyətini vurğulamışdır.

Sərəncamın məntiqi davamı olaraq, həyata keçirilən hüquqi islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş Qanunla Cinayət Məcəlləsinə edilmiş çoxsaylı dəyişikliklər, maddələrin sanksiyasına daxil edilmiş alternativ cəzalar, habelə Qanunun təsiri altına düşmüş maddələr üzrə məhkumlara ünvanlanan geniş izahat və hüquqi maarifləndirmə işi aparılmışdır.

 Ombudsman tədbirdən sonra “Açıq qapı” qəbulu keçirəcəyini elan edərək,  arzusunda olan hər bir kəsi bu görüşə dəvət etmişdir.

Müvəkkil çoxsaylı məhkum qadınları fərdi şəkildə qəbul etmiş, ərizə və müraciətlərinə baxılmış və bəzi müraciətlər isə yerində təmin olunmuşdur. 

Bunlarla yanaşı məhkumların müraciətlərində yer alan istintaq, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırılmış, onlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmişdir. 

Qəbul zamanı sosial və ailə məsələlərinin həlli ilə bağlı müraciətlər üzrə qadınlara hüquqi məsləhətlər verilmiş və Müvəkkil səlahiyyətləri çərçivəsində ərizələr üzrə, habelə şifahi olaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görəcəyini bildirmişdir.

Fərdi qəbul edilmiş məhkumlar CÇM-də saxlanma şəraitindən, qidanın keyfiyyətindən və tibbi xidmətdən, habelə onlarla işləyən müəssisə əməkdaşların rəftarından narazılıq etməmişlər.

Məhkum qadınlar onların hüquqlarını daim diqqətdə saxladığına, əvvəlki qəbullar zamanı etdikləri müraciətlərinin təminində göstərdiyi dəstəyə və vəziyyətləri ilə maraqlandığına görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər. 

Müvəkkil müəssisəyə səfəri çərçivəsində məhkum olunmuş və cəzaların icrası qanunvericiliyinə müvafiq şəkildə üç yaşına çatmamış uşağı ilə birgə yaşayan məhkum qadınlara da baş çəkmiş, onların maddi-məişət şəraiti ilə maraqlanmış və uşaqlara öz hədiyyələrini vermişdir.

Yekunda müəssisə rəhbərliyi ilə müzakirələr aparılmış, məhkumların hüquqlarının effektiv təmini, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.