Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı 2018-ci ildə də davam etdirilir

26-01-2018 221 dəfə oxunub
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı 2018-ci ildə də davam etdirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. 

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 

2017-2018-ci tədris ilində Uşaq hüquqları üzrə pilləli tədris proqramı paytaxtdakı Səbail rayonu 49, Qaradağ rayonu 166, Sabunçu rayonu 148, Nərimanov rayonu 212, Suraxanı rayonu 89, Nizami rayonu 272, Yasamal rayonu 225, Binəqədi rayonu 284, Nəsimi rayonu 159, Xətai rayonu 249, Xəzər rayonu 181, Pirallahı rayonundakı 231 saylı məktəblərdə, habelə respublikamızın regionlarında – Şəmkir, Samux, Şabran, Xaçmaz, Balakən, Qax, Salyan və Neftçala rayonlarının hərəsindən bir məktəb seçilməklə, ümumilikdə 20 məktəbdə həyata keçirilir. 

Qeyd olunmalıdır ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, mənəvi dəyərlərin və vətənpərvərlik hissinin, sağlam həyat tərzinin aşılanması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilir. 

Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir.

Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 150-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 8700-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 700-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.