Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Estoniyada təşkil olunmuş seminarda iştirak etmişdir

26-01-2018 154 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Estoniyada təşkil olunmuş seminarda iştirak etmişdir

Bu günlərdə Estoniyanın Tallin şəhərində Beynəlxalq Ombudsmanlar İnstitutu və Estoniya Ombudsman təsisatının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə insan hüquqları” mövzusunda keçirilmiş beynəlxalq əhəmiyyətli seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov iştirak etmişdir.

Tədbirdə Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, İrlandiya Ombudsmanı Peter Tyndall, Estoniya Ombudsmanı Ulle Madise, bu ölkənin Daxili Təhlükəsizlik Xidməti rəisinin müavini Martin Arpo, aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri, Avstriya, Belçika, Finlandiya, Latviya, Litva, Malta,  Kanada, Cənubi Afrika və digər dünya ölkələrinin ombudsmanları və onların nümayəndələri, habelə Tartu Universitetinin rektor müavini və digər ekspertlər də olmaqla ümumilikdə səksən nəfərdən çox təmsilçi iştirak etmişdir.

Seminarda internetin və rəqəmsal texnologiyaların inkişafı, cəmiyyətə və insan hüquqlarına təsiri, məlumat azadlığının təmin edilməsi, şəxsi məlumatların qorunması və milli təhlükəsizlik məsələləri, vətəndaşların kiber təhlükəsizliyin təmin olunmasında rolu, ictimai xarakterli rəqəmsal xidmətlərin gələcək inkişaf perspektivləri, informasiya cəmiyyətində hər kəsin hüquqlarının təmin olunmasında ombudsmanların rolu mövzuları üzrə məruzələr dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.

Bununla yanaşı tədbirdə rəqəmsal texnologiyaların inkişafının ailə münasibətlərinə, əmək, sağlamlıq və digər hüquqların təmin olunmasına təsiri məsələləri də işıqlandırılmış, bu sahədə mövcud problemlər, onların həlli yolları barədə fikirlər səsləndirilmişdir.

Seminarda rəqəmsal dünyada sağlamlıq hüquqlarının təmin olunması,  dünya səhiyyəsinin gələcəyi və rəqəmsal texnologiyaların ona təsiri məsələlərinə xüsusi yer ayrılmış, səhiyyə sahəsində vahid elektron sistemin, o cümlədən həmin sistem tərkibində pasientlər üçün portalının yaradılması, onlayn həkim məsləhətinin tətbiqi və bu portalın elektron hökumət vasitəsi ilə digər elektron sistemlərlə əlaqələndirilməsi üzrə Estoniya təcrübəsi barədə geniş təqdimat keçirilmiş, bu sistemin digər Avropa ölkələrində də uğurla tətbiq olunduğu qeyd edilmişdir.

Müzakirələr zamanı R.Novruzov ölkə Prezidentinin məlum fərman və sərəncamları ilə yaradılan və hazırda respublikamızda uğurla tətbiq olunan elektron hökumət portalı, eləcə də Azərbaycan brendi olan ASAN xidmət barədə məlumat vermiş, qəbul olunan dövlət proqramları və konsepsiyaları çərçivəsində hökumət portalı üzrə xidmətlərin sayının artırılması, sistemin təkmilləşdirilməsi ilə bağlı müvafiq iş aparıldığını bildirmişdir. O, eyni zamanda Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın  konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqların, o cümlədən məlumat azadlığının təmin olunması üzrə fəaliyyəti barədə məlumat vermiş, bu istiqamətdə aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlığın aparıldığı vurğulanmışdır.

Seminarda qeyd olunan sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, təcrübə mübadiləsi aparılaraq təklif və tövsiyələr səsləndirilmişdir.