Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın MPM fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

06-12-2017 188 dəfə oxunub
Ombudsmanın MPM fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru kimi çıxış edir. Bu baxımdan Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə davamlı fəaliyyət və hüquqi maarifləndirmə tədbirlərinin müntəzəmliyi təmin olunur. 

Növbəti silsilə tədbirlər 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində də davam etdirilməklə, geniş ictimaiyyətin diqqətinin insan hüquqlarının müdafiəsi, təbliği və təmininə yönəldilməsi məqsədini daşıyır.

Bu istiqamətdə hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə də səmərəli əməkdaşlıq əlaqələri davam etdirilməkdədir.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən icbari təlim kurslarının proqramına da insan hüquqları ilə bağlı mövzular daxil edilmişdir. Ədliyyə Akademiyasında keçirilmiş növbəti təlim kursları da “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzularında olmuş və mühazirələr Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Ədliyyə Nazirliyinə, qurumun Penitensiar Xidmətinə və Tibb xidmətinə qulluğa qəbul olunmuş şəxslərə tədris olunmuşdur.

O, mühazirələrdə respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsmanın effektiv hüquq müdafiə mexanizmi kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Müvəkkilin nümayəndəsi BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar mili və xarici ölkə təcrübəsi əsasında dinləyicilərin diqqətinə çatdırılmışdır.

Habelə mühazirədə 10 fevral 2017-ci il tarixdə dövlət başçısı tərəfindən imzalanmış məlum Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanmış, sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübə və çətinliklərlə bağlı müddəaları canlı diskussiya şəraitində əsas müzakirə mövzularından olmuşdur.

Dinləyicilərə Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin  insan hüquqlarının müdafiəsi və MPM qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərlə rəftar məsələləri və saxlanma şəraiti, onlara ünvanlanan praktik yanaşmalar, islah modelləri haqqında geniş məlumat verilmiş, habelə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun müddəaları tədris olunmuşdur.  

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində gördüyü işlər iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.