Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri keçirilmişdir

08-12-2017 193 dəfə oxunub
Uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə müntəzəm olaraq əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqi maarifləndirməsi sahəsində tədbirlər həyata keçirilir. 

Bu baxımdan 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Murad Babayev tərəfindən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə, Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbdə şagirdlər və müəllimlərin iştirakı ilə uşaq hüquqlarına dair təlimlər keçirilmişdir.

Təlimlər zamanı Müvəkkilin nümayəndələri insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqlarının mahiyyəti, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Uşaq Hüquqları haqqında Qanununda və digər qanunvericilik aktlarında təsbit olunmuş hüquqlar və vəzifələr, uşaq hüquqlarının beynəlxalq və milli müdafiə mexanizmləri barədə məlumat vermişlər.

Uşaq hüquqlarının qorunması üzrə effektiv hüquq müdafiə mexanizmi kimi Ombudsmanın səlahiyyətləri və əsas fəaliyyət istiqamətləri, bu sahədə müraciətlərin araşdırılması, aparılmış maarifləndirmə tədbirləri, monitorinqlər, qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər, Müvəkkilin 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətti, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi haqqında məlumat iştirakçıların diqqətinə çatdırılmışdır. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar – valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant, qaçqın və məcburi köçkün ailələrdən olan, silahlı münaqişələrdən əziyyət çəkən, qanunla ziddiyyətdə olan və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqların hüquq və vəzifələri, uşaqlara qarşı zorakılığın növləri, uşaq alveri, uşaq əməyi, erkən nikah halları, informasiya və kommunikasiya texnologiyalarının uşaqlara təsiri ətraflı şəkildə müzakirə olunmuş, bu sahədə ölkədə aparılan islahatlar və müxtəlif qurumların səlahiyyətləri, o cümlədən vətəndaş cəmiyyətinin rolu barədə iştirakçılar məlumatlandırılmışdır.

Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 nömrəli orta məktəbdə şagirdlər tərəfindən uşaq hüquqlarına dair maarifləndirici səhnəciklər, bədii-ədəbi kompozisiya nümayiş olunmuşdur. 

Təlimlər maraqlı və interaktiv müzakirə şəraitində davam etmiş, iştirakçıların sualları ətraflı cavablandırılmış və şagirdlərə hüquqlarının müdafiəsi, zərərli vərdişlərdən qorunma, təhsil aldıqları məktəbin idarəetməsində fəal iştirakları və digər məsələlərlə bağlı tövsiyələr verilmişdir.

Tədbirlər zamanı Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici nəşrlərdən istifadə olunmuş və həmin nəşrlər məktəbə təqdim olunmuşdur.