Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrə baxışlar davam etdirilir

04-12-2017 9934 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrə baxışlar davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın sektor müdiri Vüqar Heydərov Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisindəki hərbi hissələrinə plan üzrə baxışlar keçirmişlər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin öyrənilməsi olmuşdur.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən hərbi qulluqçuların yataqxanalarına, tədris otaqlarına, tibb məntəqələrinə, yeməkxanalarına, mətbəxlərə, ərzaq anbarlarına baxış keçirilmişdir. 

Hərbi qulluqçulara yaradılmış şərait, əşya təminatı, rəftar, qidanın keyfiyyəti, şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, həmçinin hərbi qulluqçular üçün vətənpərvərlik və döyüş hazırlığı ilə bağlı tədbirlərin keçirilməsi müsbət qiymətləndirilmişdir.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, çoxsaylı sualları cavablandırmışlar.

Ombudsman təsisatında insan hüquqları sahəsində hazırlanmış çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilmişdir.

Görüşlərdə Aparatın əməkdaşlarını Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Əfqan Əliyev müşayiət etmişdir.

Tədbirlərin keçirilməsi razılıqla qarşılanmışdır.