Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq Hüquqları Aylığı çərçivəsində Penitensiar Xidmətin Tərbiyə müəssisəsində və Bakı İstintaq Təcridxanasında maarifləndirmə tədbirləri keçirilmişdir

20-11-2017 272 dəfə oxunub
Uşaq Hüquqları Aylığı çərçivəsində Penitensiar Xidmətin Tərbiyə müəssisəsində və Bakı İstintaq Təcridxanasında maarifləndirmə tədbirləri keçirilmişdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində Uşaq Hüquqları Aylığı keçirilmişdir. Bu aylıq çərçivəsində Bakıda və rayonlarda, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində maarifləndirmə tədbirləri təşkil edilərək çoxsaylı yetkinlik yaşına çatmayan şəxslər bu tədbirlərə cəlb olunmuşlar.

Qeyd edilməlidir ki, Ombudsman fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə və tədris müəssisələri ilə əməkdaşlığa diqqət yetirir. Bu istiqamətdə məhkəmə və hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, habelə Penitensiar Xidmətlə də səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Uşaq Hüquqları Aylığı çərçivəsində Penitensiar Xidmətin Tərbiyə müəssisəsində və Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan yetkinlik yaşına çatmayan şəxslər üçün hüquqi maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

Həmin tədbirlərdə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun (MPQ) rəhbəri Rəşid Rumzadə və MPQ-in üzvü Vüqar Heydərov, Penitensiar Xidmətin məsul nümayəndələri, adı çəkilən müəssisələrin rəhbərliyi və əməkdaşları, yetkinlik yaşına çatmayan şəxslər iştirak etmişlər.

Tədbirlərdə iştirakçılara 20 noyabr - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ombudsman Elmira Süleymanovanın salam və təbrikləri çatdırılmış, yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verilmişdir. 

Uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Pekin qaydaları və Ər-Riyad təlimatları əsasında müəyyən olunmuş hüquq və vəzifələr, bu hüquqların müdafiə mexanizmləri, həyata keçirilməli olan preventiv tədbirlər haqqında məlumatlar qeyd edilmişdir.

Ölkə Ombudsmanının uşaq hüquqları, xüsusilə də dövlət müəssisələrində saxlanılan uşaqların hüquqlarının təmini və müdafiəsi, Milli Preventiv Mexanizm qismində çoxşaxəli fəaliyyəti, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri diqqətə çatdırılmışdır.

Ombudsmanın nümayəndəsi R.Rumzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamının əhəmiyyəti vurğulamış, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud yerli və xarici ölkələrin təcrübəsinə toxunmuş, azadl olunan şəxslərin üzərinə düşən vəzifələr misallar əsasında müzakirəsi təşkil olunmuşdur. 

Bu Sərəncamın effektiv tətbiqi Yuvenal Ədliyyə sisteminə və yetkinlik yaşına çatmayanlara münasibətdə hüquqi islahatlara da öz töhfəsini verəcəkdir. Fəaliyyət prosesində Yuvenal Ədliyyə prinsiplərinin nəzərə alınması, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş bir sıra tövsiyələrin icrası baxımından da mühüm əhəmiyyət daşıyır. 

Tədbirlər canlı diskussiya şəraitində davam etmiş, uşaqların çoxsaylı sualları, xüsusilə də ölkə Prezidentinin müvafiq Sərəncamı əsasında həyata keçirilən hüquqi islahatlar çərçivəsində cinayət qanunvericiliyinə edilmiş yeni dəyişikliklərə bağlı sualları ətraflı cavablandırılmış, onlara hüquqları və Müvəkkilin səlahiyyətləri izah edilmiş, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilmişdir. İştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu tədbirlərin keçirilməsinə görə ölkə Ombudsmana təşəkkürlərini bildirmişlər.

Sonda həmin müəssisələrə Ombudsmanın uşaq hüquqlarına dair hüquqi maarifləndirici nəşrləri və uşaq hüquqlarının və Müvəkkilin qaynar xətt nömrələrinin təsvir olunduğu plakatlar təqdim olunmuşdur.