Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq Hüquqları Aylığı çərçivəsində Ombudsman tərəfindən növbəti silsilə tədbirlər təşkil edilmişdir

17-11-2017 206 dəfə oxunub
Uşaq Hüquqları Aylığı çərçivəsində Ombudsman tərəfindən növbəti silsilə tədbirlər təşkil edilmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda Ombudsman və onun regional mərkəzləri, habelə yerli icra hakimiyyəti orqanları, digər müvafiq qurumlar, bələdiyyələr, QHT-lər və icmalar tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilərək buraya çoxsaylı uşaqlar cəlb olunur.

Növbəti belə tədbirlər Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Gənclər Evinin akt zalında, Gəncə şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyasında, həmin şəhər P.Hüseynov adına futbol təmayüllü internat tipli Gimnaziyasında, Şəki Regional Mərkəzi tərəfindən Balakən rayonu Mahamalar kənd, Şəki rayon 21 saylı və bu rayonun Qoxmuq kənd tam orta məktəblərində, Mingəçevir şəhərində, Qax rayonunun Turaclı və Şəki rayonunun Aşağı Küngüt kəndlərində, habelə Cəlilabad Regional Mərkəzi tərəfindən Masallı rayon Mərkəzi Kitabxanasında, Masallı “ASAN Xidmət” mərkəzində, Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evində və həmin şəhərin Peşə Liseyində, Cəlilabad rayon Mərkəzi Kitabxanasında, Quba Regional Mərkəzi tərəfindən isə Qusar şəhər 6 nömrəli, Siyəzən şəhər 3 nömrəli, Xaçmaz şəhər 8 nömrəli, Quba şəhər 2 və 4 nömrəli tam orta məktəblərdə, Siyəzən şəhər Ümumi orta internat, Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta İnternat məktəbində, həmçinin Quba rayon Mərkəzi kitabxanasının oxu zalında keçirilmişdir.

Həmin tədbirlərdə yerli icra hakimiyyətlərinin, rayon təhsil, mədəniyyət və turizm şöbələrinin, digər dövlət orqanlarının əməkdaşları, bələdiyyə və icmaların üzvləri, kitabxana işçiləri, yerli sakinlər, çoxsaylı müəllimlər, uşaqlar və valideynlər iştirak etmişlər. 

Adı çəkilən regional mərkəzlərin rəhbərləri iştirakçılara Ombudsmanın    17 noyabr – Milli Dirçəliş günü, qarşıdan gələn 20 noyabr - Ümumdünya Uşaqlar Günü münasibəti ilə təbriklərini və xoş arzularını çatdırmışlar. Onlar hər il olduğu kimi, bu il də Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkəmizdə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq Uşaq Hüquqları Aylığının keçirildiyini qeyd etmişlər. 

Silsilə tədbirlərdə uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə müəyyən olunmuş uşaqların hüquqları və həmin hüquqların müdafiəsi mexanizmləri, Azərbaycan Respublikası tərəfindən BMT-nin adı çəkilən Konvensiyasının ratifikasiya edilməsinin 25 illiyi, habelə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi mühüm tədbirlər barədə ətraflı məlumat verilmişdir. 

Ombudsmanın digər hüquqlarla yanaşı uşaq hüquqlarının, o cümlədən qaçqın və məcburi köçkün, əlilliyi olan və kimsəsiz uşaqların hüquqlarının təmini və müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri, eyni zamanda təsisatda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər və uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.

Eyni zamanda bildirilmişdir ki, E.Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-cu ildən Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. Uşaqların interaktiv tərzdə iştirakı ilə gerçəkləşdirilən tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 150-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 8700-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 700-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.

İştirakçılar uşaq hüquqlarının əhəmiyyətini qeyd edərək bu istiqamətdə Ombudsman təsisatının uğurlu fəaliyyətini vurğulamış, bunun nəticəsində uşaq hüquqları ilə məlumatlılığın ölkəmizdə daha da genişləndiyini söyləmiş, Uşaq Hüquqları Aylığı çərçivəsində gördüyü işlər barədə ətraflı məlumat vermişlər. 

Tədbirlər səmərəli müzakirə şəraitində davam etmiş, uşaqların çoxsaylı sualları ətraflı cavablandırılmış, onlar uşaq hüquqları ilə bağlı biliklərini təqdim etmişlər.

Sonda iştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu tədbirlərin keçirilməsinə görə Ombudsmana dərin təşəkkürlərini bildirmişlər.