Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrupun üzvləri müvəqqəti saxlama yeri və polis bölmələrinə başçəkmələr həyata keçirmişlər

15-11-2017 167 dəfə oxunub
Milli Preventiv Qrupun üzvləri müvəqqəti saxlama yeri və polis bölmələrinə başçəkmələr həyata keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə, habelə həmin RPİ-nin 27, 28 və 29-cu polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilmişdir. 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılmış, bütün kameralara baxışlar keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilmişdir.

MSY-də saxlanılan inzibati həbs olunmuş, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilmiş, müraciətləri cavablandırılmış, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuş, hüquqi məsləhətlər verilmişdir. Qəbul edilmiş şəxslər MSY əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməmişlər. 

Müvəqqəti saxlama yerinə keçirilmiş başçəkmənin yekunu RPİ-nin  rəhbərliyi ilə müzakirə olunmuş, MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılmış, sənədləşmənin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunmuş, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilmişdir.

Yasamal RPİ-nin 27, 28 və 29-cu polis bölmələrinə də başçəkmələr keçirilmiş, məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaqdır.