Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Sabunçu rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində tədbir keçirilmişdir

03-11-2017 177 dəfə oxunub
Sabunçu rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində tədbir keçirilmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq  20 oktyabr - 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər keçirilir.

Bu aylıq çərçivəsində növbəti tədbir Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin rayon 74 nömrəli tam orta məktəbdə təşkil olunmuş və uşaqların istedadlarının üzə çıxarılmasına həsr olunmuşdur. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Murad Babayev, şagirdlər və müəllimlər iştirak etmişlər.

Qonaqlar tədbirdə çıxış edərək, uşaq hüquqlarının təmin olunması istiqamətində ölkədə görülmüş işlər, uşaqların istedadlarının üzə çıxarılmasında dövlətin qayğısı barədə məlumat vermiş, hər il Uşaq Hüquqları Aylığı təşəbbüsünün irəli sürülməsinə görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər.

Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva uşaqların istedadlarının üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Ombudsmanın təşəbbüsü ilə müxtəlif mövzularda rəsm müsabiqələrinin təşkil edildiyini, qalib uşaqların mükafatlandırıldığını, hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə uşaqlar arasında “Mən və hüquqlarım” mövzusunda rəsm müsabiqəsinin elan olunduğunu bildirmiş, məktəbliləri həmin müsabiqədə iştirak etməyə dəvət etmişdir.

O, Müvəkkilin xüsusi müdafiəyə ehtiyacı olan – valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün uşaqların yaradıcılıqlarının inkişaf etdirilməsi və stimullaşdırılmasına önəm verdiyini, keçirilən müsabiqələrdə onların da iştirakının təmin edildiyini bildirmişdir.

N.Ağayeva məktəbdənkənar müəssisələrin uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində əhəmiyyət kəsb etdiyini, ötən dövrlərdə Ombudsman Aparatı tərəfindən UNİCEF-lə əməkdaşlıqda ölkənin müxtəlif regionlarında yerləşən Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzlərinin monitorinqinin aparıldığını, bu sahədə qanunvericiliyin və mövcud vəziyyətin təkmilləşdirilməsi məqsədilə Müvəkkil tərəfindən Milli Məclisə və müvafiq qurumlara təkliflər göndərildiyini iştirakçıların diqqətinə çatdırmışdır.

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi, burada “Azərbaycan – yurdum mənim!” devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər verildiyi, vətənpərvərlik ruhunun aşılandığı, habelə insan hüquqları, o cümlədən uşaq hüquqlarının öyrədildiyi qeyd olunmuş, bu məktəbdə xarici dil kursları ilə yanaşı rəqs, rəsm və əl işləri dərnəklərin fəaliyyət göstərməsi, şəbəkə üzvlərinin ölkə daxilində və xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, müsabiqə və sərgilərdə iştirak etməsi, diplom və mükafatlarla təltif olunması haqqında məlumat verilmişdir.

Tədbirdə Sabunçu rayonunda yerləşən 35 ümumtəhsil məktəbin şagirdlərinin uşaq hüquqları mövzusunda əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunmuş və uşaqlar öz rəsmlərini təqdim etmişlər.

Ombudsman təsisatı tərəfindən uşaq hüquqları ilə bağlı hazırlanmış maarifləndirici nəşrlər və Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinin rəsm kataloqu məktəbə hədiyyə olunmuşdur.