Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

07-11-2017 174 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilmişdir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, müraciətlərinin qəbulu və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmışdır.

Müraciətlərin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qaydada qəbul olunaraq dinlənilmişlər.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməmiş, bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildirmiş, müraciətlərində yer alan həbs, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri ilə bağlı qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilmişdir. Hər bir şəxslə bağlı müvafiq sənədlər araşdırılmış, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunmuş və bir sıra müraciətlər yerində təmin edilmişdir.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir.

Başçəkmə çərçivəsində qaldırılan məsələlər üzrə aidiyyəti qurumlara müraciət olunacaqdır.