Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanından Avropa Ombudsmanlarına növbəti çağırış

28-09-2017 166 dəfə oxunub
Azərbaycan Ombudsmanından Avropa Ombudsmanlarına növbəti çağırış

Azərbaycan Ombudsmanı xanım Elmira Süleymanova bu günlərdə Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assambleyasının iclasında iştirak etmişdir. 

İclasda çıxış edən Ombudsman, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilən Dayanaqlı İnkişaf Məqsədlərinin icrasında Ombudsman İnstitutlarının və Milli İnsan Hüquqları İnstitutlarının rolunun əhəmiyyətinə diqqət çəkmiş, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. O, eyni zamanda Azərbaycan Ombudsman İnstitutunun da üzvü olduğu Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı tərəfindən qəbul olunmuş Merida deklarasiyasına da toxunaraq, həmin deklarasiyada insan hüquqları təsisatların üzərinə düşən funksiya və vəzifələr barədə də danışmışdır. Daha sonra dünyada sülhün və ədalətin bərqərar olması naminə Ombudsman İnstitutlarını həmrəyliyə və əməkdaşlığa çağırmış, bununla bağlı bir sıra təkliflər səsləndirmişdir.

Tədbirdə Avropa Ombudsmanlar İnstitutunun fərdi üzvü, Ermənistan vətəndaşı olan Ruben Məlikyanın qondarma Dağlıq Qarabağ Respublikasının Ombudsmanı kimi məruzə ilə çıxış etməsinin Azərbaycan Ombudsmanın əsaslandırılmış, təkidli etirazları nəticəsində qarşısı alınmışdır. Əvvəllər də Avropa Ombudsman İnstitutuna işğal olunmuş Dağlıq Qarabağ ərazisində hökm sürən separatist rejimə dəstək verilməsi ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən etirazlar edilmişdir. Bu etirazlar nəticəsində sözü gedən quruma institusional üzv kimi daxil edilmiş “Dağlıq Qarabağ Respublikasının” “Ombudsmanı” həmin üzvlükdən çıxarılmışdır. 

Tədbirdə Azərbaycan Ombudsmanı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü iştirakçıların diqqətinə çatdırmışdır. Ombudsman eyni zamanda BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən məlum dörd qətnaməsini diqqətə çatdırmış və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını bildirmişdir.