Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Elitar Gimnaziyada Uşaq Hüquqları Aylığı çərçivəsində tədbir keçirilmişdir

27-10-2017 10236 dəfə oxunub
Elitar Gimnaziyada Uşaq Hüquqları Aylığı çərçivəsində   tədbir keçirilmişdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər təşkil edilir. 

Növbəti belə tədbir Təhsil Nazirliyinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında müəllimlərin və çoxsaylı şagirdlərin iştirakı ilə keçirilmişdir.

Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev çıxış edərək, ölkəmizdə Uşaq Hüquqları Aylığı çərçivəsində paytaxtda və regionlarda Ombudsmanın mərkəzi Aparatı və regional mərkəzləri, yerli icra hakimiyyəti orqanları, digər müvafiq qurumlar, bələdiyyələr, QHT-lər və icmalar tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğu, bu tədbirlərə çoxsaylı uşaqların cəlb edildiyi haqqında məlumat vermişdir.

Tədbirdə uşaq hüquqlarının yaranması tarixi, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilmiş, uşaq hüquqlarının təmini və müdafiəsi sahəsində Ombudsmanın çoxşaxəli fəaliyyəti, eyni zamanda təsisatda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər və uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.

Habelə qeyd olunmuşdur ki, E.Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-cu ildən Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. Uşaqların interaktiv tərzdə iştirakı ilə gerçəkləşdirilən tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 150-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 8700-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 700-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.

Müvəkkil tərəfindən müvafiq qurumlara uşaq və gənclərə informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə vərdişlərinin aşılanması, valideynlərin məsuliyyətinin artırılması, uşaqların mobil telefon vasitəsilə internetdən istifadəsinin təhlükəsizliyinin təmin edilməsi, bu problemlərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işinin təkmilləşdirilməsi,  beynəlxalq sənədlərin ratifikasiya edilməsi ilə bağlı təkliflər iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonra tədbirdə uşaqların hüquqları ilə bağlı müzakirələr aparılmış, çoxsaylı suallar cavablandırılmış və təsisatda hazırlanmış uşaq hüquqları üzrə nəşrlər Elitar Gimnaziyaya hədiyyə edilmişdir.

Tədbir mövzu ətrafında səmərəli müzakirələrlə yadda qalmış və şagirdlər uşaq hüquqları sahəsində geniş məlumat qazandıqları üçün Müvəkkilə öz minnətdarlıqlarını bildirmişlər.