Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir

26-10-2017 10209 dəfə oxunub
Uşaq Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq  20 oktyabr - 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər davam etdirilir. 

Bu aylıq çərçivəsində növbəti tədbir Sabunçu rayonundakı 12 saylı şəhər poliklinikasında keçirilmiş və uşaqların sağlamlıq hüququna həsr olunmuşdur. Tədbirdə Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Murad Babayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, həmin rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Kamal Vəkilov, “Sağlam Ailə” klinikasının pediatrı Etibar Süleymanov, 12 saylı şəhər poliklinikasının Uşaq şöbəsinin müdiri Emin Məmmədov, adı çəkilən poliklinikanın həkimləri, müəllimlər, tibb bacıları və məktəblilər iştirak etmişlər.

Sabunçu RİH başçısının müavini Rəna Fərəcova giriş nitqində tədbirin məqsəd və məramı barədə məlumat vermiş, təmsil etdiyi qurumun Uşaq Hüquqları Aylığı çərçivəsində fəaliyyəti barədə danışmışdır.

Ombudsmanın uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən Uşaq Hüquqları Aylığı, bu aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğu haqqında məlumat vermişdir. BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqlarının, o cümlədən uşaqların sağlamlıq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, Müvəkkilin uşaq hüquqları üzrə fəaliyyət göstərən 916 nömrəli qaynar xətt xidməti, həmçinin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi haqqında bilgilər diqqətə çatdırılmışdır.

E.Süleymanovanın uşaqların sağlamlıq hüquqlarının təmini, bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədilə Milli Məclisə və müvafiq qurumlara təqdim olunan təklifləri, o cümlədən Reproduktiv Sağlamlıq haqqında Qanunun qəbul olunması, reproduktiv sağlamlıq və sağlam həyat tərzi haqqında biliklərin yayılması, uşaqların ana südü, yodlaşdırılmış duz, mikroelementlərlə  zəngin məhsullarla qidalanması ilə bağlı maarifləndirmə işlərinin aparılması, lantus preparatları ilə diabetli uşaqların ehtiyaclarının tam ödənilməsi, məktəblərdə tibb məntəqələrinin yaradılması və tibbi xidmətin təkmilləşdirilməsi, əlilliyin və sağlamlıq imkanı məhdudluğunun erkən aşkarlanması və digər çoxsaylı təkliflər iştirakçıların diqqətinə çatdırılmışdır.

Adı çəkilən qonaqlar tədbirdə çıxış edərək, mövzu ilə əlaqədar fikir və mülahizələrini bildirmişlər.

Sonra uşaqların sağlamlıq hüquqları, o cümlədən ilkin tibbi yardım, məktəblərdə içməli su təchizatı, sanitariya-gigiyena qaydaları ilə bağlı çoxsaylı sualları qonaqlar, o cümlədən Müvəkkilin nümayəndələri tərəfindən ətraflı cavablandırılmışdır. 

İştirakçılar Uşaq Hüquqları Aylığı çərçivəsində tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıq etmişlər.

Tədbirdə Ombudsman təsisatı tərəfindən uşaq hüquqları ilə bağlı hazırlanmış maarifləndirici nəşrlər, o cümlədən İİV/QİÇS-lə mübarizəyə dair plakatlar iştirakçılara paylanmışdır.