Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müvəkkil İstanbul şəhərində Beynəlxalq Konfransda iştirak etmişdir

29-09-2017 10149 dəfə oxunub
Müvəkkil İstanbul şəhərində Beynəlxalq Konfransda iştirak etmişdir

Azərbaycan Ombudsmanı Elmira Süleymanova Türkiyə Ombudsmanı tərəfindən İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Ombudsmanlar Konfransında, həmçinin üzvü olduğu İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının Baş Məclisinin iclasında iştirak etmişdir. 

Asiya, Afrika, Yaxın Şərq və Avropa ölkələrinin Ombudsmanlarının iştirak etdiyi bu tədbirdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış etmişdir. Müxtəlif ölkələrdən gələn Ombudsmanları salamlayan Prezident dünyada sülhün, ədalətin bərqərar olmasında, həmçinin insan hüquqlarının müdafiəsində və layiqli idarəetmənin təbliğində Ombudsman İnstitutlarının əhəmiyyətini vurğulamışdır. Açılış nitqindən sonra Azərbaycan Ombudsmanı da Türkiyə Prezidenti ilə görüşmüşdür.

Müvəkkil beynəlxalq tədbirin birinci sessiyasında çıxış edərək Azərbaycan Ombudsman İnstitutunun fəaliyyəti haqqında iştirakçılara geniş məlumat vermiş, insan hüquqlarının səmərəli müdafiəsi sahəsində müsbət təcrübələri haqqında danışmışdır. O, dünyada baş verən müharibə və münaqişələrin insan hüquqlarının kobud şəkildə pozulmasının əsas səbəbini təşkil etdiyini və bunların qarşısı alınmadığı təqdirdə gələcək nəsillərin daha çox zərər görəcəyini bildirmişdir.

Ombudsman Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü, onların kütləvi şəkildə hüquqlarının pozulduğunu, dinc əhalinin Ermənistan hərbi qüvvələri tərəfindən müntəzəm şəkildə silahlı hücumlara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin Müvəkkil qeyd etmişdir ki, müasir dövrümüzün ağrılı yarası olan Xocalı soyqırımının bir sıra dünya ölkələrinin parlamentləri tərəfindən tanınması, lakin insanlığa qarşı törədilmiş bu cinayətin səbəbkarlarının hələ də cəzalandırılmaması onları yeni cinayətlər törətməyə sövq edir. Bu baxımdan müharibələr və silahlı münaqişələrin dayandırılmasında, dünyada sülhün bərqərar olmasında Ombudsman İnstitutlarının əhəmiyyətinə diqqət çəkən Müvəkkil  bu istiqamətdə həmrəyliyə və birgə fəaliyyətlərin gücləndirilməsinə çağırış etmişdir. 

Müvəkkil bu səfər çərçivəsində Azərbaycan Ombudsman İnstitutunun üzvü olduğu İslam Ölkələri Əməkdaşlıq Təşkilatı nəzdində yaradılan İslam Ölkələri Ombudsmanlar Assosasiyasının Baş Məclsinin iclasında da iştirak edərək qurumun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində razılıqla qarşılanmış bir sıra təkliflər səsləndirmişdir.