Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin Uşaq Fondunun icraçı direktoru Ombudsmana təşəkkür məktubu göndərmişdir

23-08-2017 10136 dəfə oxunub
BMT-nin Uşaq Fondunun icraçı direktoru Ombudsmana təşəkkür məktubu göndərmişdir

Xəbər verildiyi kimi, 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulmuşdur. Nəticədə 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı.  

Bununla əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) nüfuzlü beynəlxalq təşkilatlara, o cümlədən  BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Entoni Leykə müvafiq Bəyanat göndərərək Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və bütün insan hüquqlarından tam faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini və həmkarlarımı birgə qətiyyətli səylər  göstərməyə və tədbirlər görməyə çağırmışdı. 

Bu günlərdə UNICEF-in direktor köməkçisi Kornelius Uilyams tərəfindən Ombudsmanın ünvanına daxil olmuş məktubda həmin Bəyanata görə təşəkkür edildiyi bildirilmiş və eyni zamanda vurğulamışdır ki, heç bir icmada, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir.

Məktubda göstərilmişdir ki, BMT-nin Baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir və UNICEF bu cür həlli yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan  bütün uşaqların hər cür müdafiə ilə təmin edildiklərinə ümid edir. 

UNICEF-in ölkəmizdəki nümayəndəliyi tərəfindən uşaq və gənclərə həyata ən yaxşı və ən təhlükəsiz təşəbbüslər istiqamətində köməyin göstərilməsində öz rolunu yerinə yetirməkdə bundan sonra da davam ediləcəyi diqqətə çatdırılmışdır.