Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən yaralanmış 13 yaşlı Yusifov Ramil Sabir oğluna baş çəkmişlər

18-08-2017 10178 dəfə oxunub
Ombudsmanın əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən yaralanmış 13 yaşlı Yusifov Ramil Sabir oğluna baş çəkmişlər

Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törədilmiş növbəti təxribat nəticəsində qəlpə xəsarətləri alaraq ağır yaralanmış, Tovuz rayonu Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğluna yaşadığı evdə baş çəkmiş, onun səhhəti ilə maraqlanmışlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanovanın salamları Yusifov Ramilə və onun valideynlərinə çatdırılmış, Ramil və atası Yusifov Sabir göstərilən diqqət və qayğıya görə Müvəkkilə dərin minnnətdarlığını bildirmişlər. Yusifov Sabir Müvəkkil tərəfindən hadisədən dərhal sonra beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatın Yusifovlar ailəsində böyük ruh yüksəkliyi yaratdığını vurğulayaraq, Müvəkkilin erməni vandalizminin, mülki əhalini hədəfə alan terrorçu fəaliyyətlərinin ifşa edilməsində gördüyü işlərin cəbhə gölgəsində yaşayan əhali arasında  yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Ombudsmanın Gəncə regional mərkəziin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun, sülhsevər siyasətinə, münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş davamlı fəaliyyətinə baxmayaraq Ermənistanın mütəmadi olaraq cəbhə gölgəsində atəşkəsi qəsdən pozduğunu, nəticədə mülki əhali arasında itgilərin yaşandığını, buna ən bariz nümunə kimi 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlərin  qəsdən atəşə tutulması nəticəsində Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olduğunu digər mülki şəxs Quliyeva Səlminazın ağır yaralandığını və mülki obyektlər dağıdıldığını, bunun ardınca isə Yusifov Ramilin ağır yaralanması ilə nəticələnən təxribatın törədilməsinin ermənilərin mülki əhaliyə qarşı cinayətlərinin davamı olduğunu diqqətə çatdırmışdır. 

Görüşdə iştirak edən Tovuz rayonu Qaralar kənd sakinləri cəbhə bölgəsində yaşamağın çətinliklərinə, düşmənin mütəmadi olaraq mülki əhalini həfədə almasına baxmayaraq əhalinin Azərbaycan ordusuna tam güvəndiyini, ermənilərin törətdikləri təxribatların onların ata-baba yurdlarında yaşamaq iradələrini əsla sındıra bilməyəcəyini qeyd edərək, Müvəkkilə cəbhə bölgələrinə, atəşkəsin pozulması nəticəsində şəhid olmuş və yaralanmış vətəndaşlarımıza göstərdiyi diqqətə görə təşəkkürlərini bildirmişlər.