Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanının nümayəndəsi Koreya Respublikasında təqaüd proqramında iştirak etmişdir

19-07-2017 155 dəfə oxunub
Azərbaycan Ombudsmanının nümayəndəsi Koreya Respublikasında təqaüd proqramında iştirak etmişdir

22 iyun -13 iyul 2017-ci il tarixlərdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) və Koreya Milli İnsan Hüquqları Komissiyasının birgə təşkilatçılığı ilə Seul şəhərində “İnsan Hüquqları Sahəsində Siyasətin İnkişafı” adı altında təqaüd proqramı həyata keçirilmişdir.

11 ölkədən 21 dövlət rəsmisinin iştirak etdiyi bu Təqaüd Proqramında Azərbaycan Respublikasını İnsan Hüquqları üzrə Müvəkkilin Şəki Regional Mərkəzinin əməkdaşı Elman İmamverdiyev təmsil etmişdir. 

Proqramda Koreya Milli İnsan Hüquqları Komissiyası və iştirakçı ölkələrin insan hüquqları və dövlət qurumlarını təmsil edən şəxslərlə tanışlıq xarakterli açılış mərasimi keçirilmiş, iştirakçıların təmsil etdikləri ölkə və qurumlar haqqında məruzələri dinlənilmişdir. 

E.İmamverdiyev çıxış edərək müstəqilliyi bərpa edildikdən sonra ölkəmizdə digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində də aparılan islahatlar, ölkədə Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat vermişdir. O, həmçinin Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin zəbt edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, minlərlə insanın həlak olduğu və yaralandığını, dinc əhalinin hüquqlarının kobud şəkildə pozulduğunu, işğal edilmiş ərazilərdə tarixi, mədəni, dini abidələrin məhv edildiyini, lakin törədilmiş bu cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilmədiyini diqqətə çatdırmışdır.

Tədbir ərzində Koreya Milli İnsan Hüquqları Komisiyasının ofisində proqram iştirakçıları ilə Koreya Milli İnsan Hüquqları Komisiyasının icraedici baş katibi Sang Don Shim, Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Hyung Suk Cho, Beynəlxalq Əməkdaşlıq Departamentinin katibi Sung Gu Ham, Marifləndirmə Departamentinin rəhbəri Chul Hong Kim, həmçinin digər əməkdaşları ilə görüş keçirilmişdir. 

Görüşdə Azərbaycan Ombudsmanının nümayəndəsi Müvəkkil Elmira Süleymanovanın çoxşaxəli fəaliyyət istiqamətlərindən danışmış, təmsil etdiyi təsisatın Paris Prinsiplərinə uyğun olaraq “A” statusu ilə akkreditasiya olunduğunu, BMT saziş qurumlarına hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanmasında, Avropa Şurası və digər beynəlxalq təşkilatların sessiyalarında mütəmadi iştirak etdiyini, Müvəkkilin beynəlxalq əməkdaşlığa xüsusi yer verdiyini bildirmişdir. E.İmamverdiyev tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu, Müvəkkilin 2016-cı il üçün illik məruzəsi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və təmsil etdiyi təsisatın loqosunu əks etdirən hədiyyə Koreya Respublikasının Milli İnsan Hüquqları Komissiyasına hədiyyə edilmişdir.

Habelə iştirakçılar “Saram” İnsan Hüquqları Fondunda, bir sıra insan hüquqları mərkəzlərində, Koreya Universitetində, Koreya Milli Polis Agentliyində və digər yerlərdə olmuş, fikir və təcrübə mübadiləsi aparmışlar. 

Səfər çərçivəsində E.İmamverdiyev ölkəmizin Koreyadakı səfirliyində olmuş, habelə hədiyyə kitabını Koreya Milli Mərkəzi Kitabxanasının rəhbərliyinə təqdim etmişdir.

Adı çəkilən Proqram gələcəkdə iştirakçı ölkələrin Milli İnsan Hüquqları İnstitutları ilə əməkdaşlıq, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan müzakirələr və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmuşdur. 

Yekunda Proqramı müvəffəqiyyətlə başa vurmuş məzunlara diplomlar təqdim edilmişdir.