Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı müşavirini qəbul etmişdir

20-10-2017 2247 dəfə oxunub
Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının   Cənubi Qafqazdakı müşavirini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul etmişdir. Görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov iştirak etmişdir. 

Görüşün məqsədi Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətlərinin müzakirəsi olmuşdur.

Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirmişdir. 

Qeyd edilmişdir ki, gələn il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin  İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabat, həmçinin Müvəkkil tərəfindən sözügedən komitələrə paralel hesabatları hazırlayaraq təqdim edəcəkdir. 

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən qəbul edilən Həqiqətə çatım hüququ üzrə insan hüquqları qətnaməsinin müvafiq müddəalarına diqqət çəkən Müvəkkil, sənəddə cəzasızlığa son qoyulması və insan hüquqlarının müdafiəsi və təbliği işinə tövhə vermək üçün həqiqətə çatım hüququna hörmətin və onun təmin edilməsinin əhəmiyyətinin xüsusi olaraq vurğulandığını qeyd etmişdir. 

V.Şkolnikov səmimi qəbul və məlumat mübadiləsi üçün Müvəkkilə minnətdarlığını bildirmiş və qaldırılan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını söyləmişdir.