Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir

12-07-2017 195 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilmişdir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müraciətlərin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox məhkum, o cümlədən İlqar Məmmədov, Qiyas İbrahimov da konfidensial qaydada qəbul edilərək dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər və sənədləşmə yerində araşdırılmışdır.

Bunlardan Qiyas İbrahimov müəssisəyə gətirildiyi zaman ona qarşı kobud rəftara yol verildiyini bildirmiş, müraciəti üzrə  qaldırdığı məsələlər və onunla bağlı sənədləşmə yerində araşdırılmışdır.

Yeri gəlmişkən Q.İbrahimov hələ istintaq təcridxanasında saxlandığı dövrdə də dəfələrlə MPQ üzvləri tərəfindən qəbul olunmuş, müraciətləri dinlənilməklə Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa müraciətlər edilmiş, habelə sağlamlığı ilə bağlı qaldırdığı məsələlərə dərhal reaksiya verilməklə müvafiq tədbirlər görülmüş və özü də bu barədə məlumatlandırılmışdır.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmişdir.

Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlərin davam etdirildiyi müşahidə edilmiş,  həyata keçirilən işlər çərçivəsində saxlanılma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması, habelə xidmət əməkdaşlarının məhkumlarla rəftarına dair MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyi ilə müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaqdır.