Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı BMqT tərəfindən təşkil olunmuş seminarda iştirak etmişdir

07-07-2017 190 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı BMqT tərəfindən təşkil olunmuş seminarda iştirak etmişdir

6-7 iyul 2017-ci il tarixlərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi layihəsi çərçivəsində “Readmissiya sazişlərinin icrası ilə bağlı üsul və təcrübələr” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəsi Serhan Aktoprak, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Emil Səfərov, Dövlət Miqrasiya Xidmətinin təmsilçiləri Nazim Turabov və Qüdrət Məmmədov, Ombudsman Aparatının sektor müdiri Rəşad Novruzov, Avropa İttifaqının nümayəndəsi, Beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssis Alessandro Budai, BMqT-in ekspertləri Berta Fernandez və Frederika Rodriqez, habelə İsveç Krallığından, Bolqarıstan, Moldova, Ukrayna, Polşa və Gürcüstandan miqrasiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər iştirak etmişlər. 

Seminarda qayıdış, readmissiya və reinteqrasiya üzrə bacarıqların artırılması, Avropada tənzimlənməyən miqrasiya tendensiyaları, Avropa İttifaqının və Azərbaycan Respublikasının readmissiya siyasəti, ölkəmizdə miqrasiya proseslərinin idarə olunması, habelə readmissiya sazişlərinin icrası ilə bağlı təklif olunan institusional sistemlər və işləmə mexanizmlərinə dair təcrübələrin paylaşılması barədə geniş fikir mübadiləsi aparılmış, bu sahədə beynəlxalq və həmçinin Azərbaycan təcrübəsi iştirakçıların diqqətinə çatdırılmışdır.

Müzakirələr zamanı Ombudsmanın nümayəndəsi İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın insan hüquq və azadlıqları, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqları sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə məlumat vermişdir.O, Müvəkkil və Aparatın əməkdaşlarının mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinın Bakı və Yevlax şəhərlərində yerləşən Qanunsuz miqrantların saxlanılma mərkəzlərinə baş çəkdiyini, saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemlərini öyrəndiyini, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində köməklik göstərildiyini bildirmiş, iştirakçıların suallarını cavablandırmışdır.  

Tədbirdə mövzu üzrə geniş fikir mübadiləsi, müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılmış, təklif və tövsiyələr səsləndirilmişdir.