Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 13 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

20-10-2017 10188 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən  13 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirmişlər. 

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, yeməkxana, ərzaq anbarı, mətbəx və digər obyektlərinə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, yemək-qidalanma təminatı və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə öyrənilmişdir.

Eləcə də, MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar, o cümlədən Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəman da konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış və cavbalandırılmışdır. Adı çəkilən şəxslərin yeməkdən imtina etmədikləri, normal qaydada qidalandıqları məlum olmuş, eyni zamanda B. Məmmədovun yataq yerinin dəyişməsi ilə bağlı Ombudsmana ünvanlanmış ərizəsi qəbul olunmuşdur.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunmuş, bir sıra müraciətlər yerində təmin edilmişdir.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində məhkumların saxlanma şəraiti və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir. 

Başçəkmənin nəticəsi ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.