Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Portuqaliyada səfərdədir

18-10-2017 10131 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Portuqaliyada səfərdədir

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşı Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Portuqaliyada təcrübə mübadiləsi keçirlər.

Almaniya, Yunanıstan, Polşa və Portuqaliyadan olan tərəfdaşların iştirakı ilə həyata keçirilən Tvinninq layihəsinin dördüncü komponenti çərçivəsində Portuqaliyaya səfər edilmişdir.

Təcrübə səfərinin ilk günündə həmin ölkənin paytaxtı Lissabon şəhərində Portuqaliya Ombudsmanı professor Jose de Faria Costa və əməkdaşları ilə rəsmi görüş keçirilmişdir.

Keçirilən görüşdə hər iki ölkənin müvafiq təsisatlarının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, müsbət iş təcrübəsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunmuş, geniş fikir mübadiləsi aparılmışdır. Ombudsman Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində çoxşaxəli fəaliyyəti, Azərbaycan Ombudsmanının beynəlxalq əlaqələri, BMT, Avropa İttifaqı ilə həyata keçirdiyi layihələr barədə geniş məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən A statusu ilə akkreditasiya olunmuş Azərbaycan Ombudsmanı insan hüquqlarının müdafiəsi sahəsində müstəqil fəaliyyət göstərməkdədir.

Portuqaliya Ombudsmanı Jose Faria Costa azərbaycanlı həmkarının fəaliyyəti ilə yaxından tanış olduğunu və onun insan hüquqları sahəsində gördüyü işləri və beynəlxalq əməkdaşlığını yüksək dəyərləndirmişdir.

Görüşdə Azərbaycan həqiqətləri və mədəniyyəti barədə məlumatların əks olunduğu disklər və ədəbiyyat, Müvəkkilin illik məruzələri və təsisatda hazırlanmış hüquqi nəşrlər Portuqaliya Ombudsmanına hədiyyə edilmişdir.

Sonra Portuqaliya ombudsman təsisatının fəaliyyəti və strukturu, ofisdə görülən işlərlə, o cümlədən ayrı-ayrı şöbələrin fəaliyyəti ilə əyani tanışlıq olmuş, Azərbaycan Ombudsman Aparatının əməkdaşlarının sualları cavablandırılmışdır. Eyni zamanda Portuqaliya Ombudsman ofisində yaradılmış uşaqların, yaşlı vətəndaşların və fiziki qüsurlu insanların, habelə əhalinin digər həssas qruplarının hüquqları, habelə uşaq hüquqları üzrə qaynar xətlə əlaqədar səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.

Səfər şərçivəsində həmçinin Lissabon şəhərində yerləşən Miqrantların İnteqrasiyası üçün Milli Mərkəzin fəaliyyəti ilə yerində tanışlıq olmuş, Portuqaliyada miqrantların qəbulu və cəmiyyətə inteqrasiyası üzrə görülən tədbirlər barədə məlumat alınmışdır.

Həmin Mərkəzin rəhbərliyi ilə görüş zamanı Ombudsman Aparatının rəhbəri qaçqın və məcburi köçkün, miqrant məsələsinin Azərbaycan üçün aktual xarakter daşıdığını qeyd etmiş, 25 ildən artıq Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşlarımızın qaçqın və məcburi köçkünlərə çevrilərək beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının kobud surətdə pozulması barədə ətraflı məlumat vermiş, Azərbaycan Ombudsmanın qaçqın və məcburi köçkün, miqrantların hüquqlarının müdafiəsi sahəsində iş təcrübəsini bölüşmüşdür.

Görüş çərcivəsində Miqrantların İnteqrasiyası üçün Milli Mərkəzin fəaliyyəti haqqında prezentasiya təqdim edilmiş, səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.