Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında AŞ-nin “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndə heyəti qəbul edilmişdir

06-07-2017 177 dəfə oxunub
Ombudsman Aparatında AŞ-nin “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndə heyəti qəbul edilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqlar təmsil etdikləri qurumun fəaliyyət istiqamətləri barədə məlumat vermiş, Azərbaycanda milli azlıqların hüquqlarının qorunması vəziyyəti, Ombudsman təsisatının bu istiqamətdə fəaliyyəti ilə maraqlanmış, bir sıra sualların cavablandırılmasını xahiş etmişlər.

Ombudsman Aparatının rəhbəri qonaqlara ölkəmizdə milli azlıqların hüquqlarının təmini və müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar, Müvəkkilin mandatı, səlahiyyətləri, insan hüquqlarının, o cümlədən əhalinin müxtəlif təbəqələrinin, eyni zamanda milli azlıqların, etnik qrupların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə geniş məlumat vermişdir. 

A.Səfixanlı Azərbaycan əhalisinin tarixən polietnik, çoxmillətli olduğunu, çoxmillətli dövlət olan ölkəmizdə  milli azlıqların və azsaylı xalqların  bərabərhüquqlu vətəndaşlar kimi yaşadığını və bu faktın respublikamızda azsaylı xalqlara və etnik qruplara diqqətin təzahürü olduğunu, onların inkişafı üçün lazımi şəraitin yaradıldığını qeyd etmişdir. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun müddəalarına əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən və digər əlamətlərindən asılı olmayaraq, ölkə ərazisində yaşayan hər kəsin Ombudsmana müraciət etmək hüququnun olduğunu bildirmişdir.  

Respublikamızın dörd regionunda, milli azlıqların daha kompakt yaşadığı bölgələr olan Quba, Şəki, Cəlilabad və Gəncədə Müvəkkilin regional mərkəzlərinin fəaliyyət göstərdiyi nəzərə çatdırılmışdır.

Qeyd edilmişdir ki, Müvəkkilin fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının effektivliyinin artırılması məqsədilə verdiyi 600-dən çox təklif və tövsiyələrin yarıdan çoxu öz həllini tapmış və ya icraya yönəldilmişdir.

Görüşdə Azərbaycanda insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyi, ölkə Prezidentinin 28 dekabr 2006-cı il tarixli və 27 dekabr 2011-ci il tarixli Sərəncamları ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyi, həmin sənədlərdə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, ayrı-seçkiliyin qadağan edilməsi, sülh və dözümlülük mədəniyyətinin təbliği ilə vəzifələrin təsbit olunduğu bildirilmişdir. 

Görüşdə həmçinin 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərim hədəflənmiş şəkildə və qəsdən qumbaraatanlardan atəşə tutulması, nəticədə Allahverdiyeva Sahibə və onun iki yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olması barədə qonaqlara məlumat verilmiş, Müvəkkilin məlum Bəyanatı onlara təqdim edilmişdir. 

Qonaqları maraqlandıran digər suallar da ətraflı cavablandırılmışdır.