Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul etmişdir

29-06-2017 186 dəfə oxunub
Ombudsman ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Amerika Birləşmiş Ştatlarının səfiri Robert Sekutanı onun xahişi ilə qəbul etmişdir. Görüşdə R.Sekutanı səfirliyin siyasi məsələlər üzrə müşaviri David Burnstein müşayiət etmişdir.

Müvəkkil Azərbaycanda səmərəli hüquq mexanizmi kimi fəaliyyət göstərən Ombudsman təsisatının insan hüquqları sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti, QHT-lər və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırmış, bu qarşılıqlı əlaqələrin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.

Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və hazırda uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının böyük imkanlar açdığı, bu sənədin icrası ilə bağlı respublikanın hər bir şəhər və rayonunda Ombudsman tərəfindən ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılmışdır. Yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, yerli icmaların, geniş ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə həmin tədbirlər çərçivəsində Müvəkkil tərəfindən şikayətçilər təkbətək qəbul edilmiş, qaldırdıqları məsələlərin həlli istiqamətində tədbirlər görülmüş, həmçinin bütün polis idarələrinə baş çəkmələr həyata keçirilmişdir.

Ombudsman Milli Preventiv Mexanizm (MPM) qismində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına müntəzəm olaraq başçəkmələr həyata keçirdiyini, hər bir başçəkmədən dərhal sonra bununla bağlı mətbuata açıqlanma verildiyini, həmçinin müvafiq qurumlara müraciət edildiyini söyləmişdir.

Müvəkkil istənilən fəaliyyətin qiymətləndirilməsində ictimai fikrə əsaslanan etibarlı mənbələrdən alınan məlumatlara istinadın önəmini vurğulamışdır.

Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə penitensiar müəssisələrdəki vəziyyət, saxlanılan şəxslərin hüquqlarının, o cümlədən sağlamlıq hüquqlarının təmini, qəbul olunan şəxslər və onların müraciətlərinin effektiv təmini istiqamətində görülən işlər, milli və beynəlxalq standartlar əsasında verilmiş tövsiyələr və onların icrası vəziyyəti və yaradılmış səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir.

Səfir səmimi qəbul, faydalı fikir və məlumat mübadiləsinə görə E.Süleymanovaya təşəkkürünü bildirmiş, insan hüquqlarının bütün dövlətlər üçün prioritet olduğunu, bu sahədə ABŞ və Azərbaycanın əməkdaşlığı üçün perspektiv imkanların mövcudluğunu qeyd edərək, Azərbaycan Ombudsmanının bu istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulamışdır.

Görüşdə səfiri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.