Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm Fəaliyyəti çərçivəsində Polis Akademiyası ilə əməkdaşlıqda növbəti tədbir keçirilmişdir

20-06-2017 166 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm Fəaliyyəti çərçivəsində Polis Akademiyası ilə əməkdaşlıqda növbəti tədbir keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətinin ilk illərindən hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə də səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir.

Qarşılıqlı əməkdaşlıqda təşkil olunmuş növbəti tədbir Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində baş tutmuşdur. 

Qeyd olunmalıdır ki, hər il keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları, habelə təhsil, səhiyyə və digər dövlət qurumları, QHT və KİV-lər, icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur.

Bu baxımdan Müvəkkilin təşəbbüsləri nəzərə alınmaqla Polis Akademiyasında müəssisənin professor-müəllim heyətinin, kursantların, Ombudsman Aparatının şöbə müdiri, Mili Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə və sektor müdiri Nəcəf Tağıyev və digər qonaqların geniş tərkibdə iştirakı ilə təşkil edilmiş dəyirmi masa “Azərbaycan Respublikasında insan hüquqlarının təminatı sahəsində həyata keçirilən dövlət siyasəti” mövzusunda olmuş və mövzu üzrə çoxsaylı məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

Müvəkkilin nümayəndəsi R.Rumzadə tədbirdə çıxış edərək Ombudsmanın təşəbbüsləri və təsisatın fəaliyyəti, insan hüquqlarının milli və beynəlxalq müdafiə mezanimzləri, bu sahədə beynəlxalq qanunvericilik aktlarının implementasiyası məsələləri və tətbiqi əsasları haqqında, habelə, təcrübədə mövcud olan çətinliklər və qarşıda duran işlər barədə fikirlərini bölüşmüşdür. Ombudsmanın təşəbbüsləri, təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, insan hüquqlarının müdafiəsi və İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qismində fəaliyyəti, ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, Daxili işlər orqanlarına gətirilmiş, habelə müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının təmini, saxlama şəraiti və rəftar məsələləri, habelə verilmiş tövsiyələr və onların icrası vəziyyəti ilə bağlı məlumatlar dinləyicilərin diqqətinə çatdırılmışdır.

10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanmış, sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübə və çətinliklərlə bağlı müddəaları əsas müzakirə mövzularından olmaqla iştirakçılara bildirilmişdir. 

Dəyirmi masa fikir mübadiləsi və Polis Akademiyasında təhsil alan kursantların təqdimatları və çıxışları əsasında davam etmişdir.