Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparmışlar

08-06-2017 184 dəfə oxunub
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparmışlar

Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək işgəncə verilməsinə dair “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla bağlı Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları 07 iyun 2017-ci il tarixdə Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparmışlar. 

Həmin müəssisənin müdiri Məmmədova İlhamə Tofiq qızı bildirmişdir ki, 24.04.1998-ci il təvəllüdlü Aysel Hüseynova 2007-ci ildən Şəki Qarışıq tipli Uşaq evində tərbiyə olunur və hazırda Peşə məktəbində təhsil alır. Bu müəssisəyə nənəsi tərəfindən gətirilmişdir. Ayselin atası vəfat etmiş, anası isə Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2013-cü ildə valideynlik hüququndan məhrum edilmişdir.

Eyni zamanda İ.Məmmədova qeyd etmişdir ki, A.Hüseynovanın Uşaq evinin müəlliməsi Mirvari Əsgərova tərəfindən döyülərək işgəncə verilməsi barədə “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla 03.06.2017-ci il tarixdə tanış olmuşdur. 

Şəki Qarışıq tipli Uşaq evinin müəlliməsi Mirvari Əsgərova 1987-ci ildən burada tərbiyəçi müəllimə işlədiyini, onun tərəfindən A.Hüseynovaya qarşı heç vaxt hər hansı təzyiq və işgəncəyə yol verilmədiyini  bildirmişdir.

Araşdırma zamanı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən A.Hüseynova ilə konfidensial şəraitdə görüş keçirilmişdir. Görüş zamanı o, heç bir müəllimi tərəfindən işgəncəyə məruz qalmadığını, uşaq evinin müdiri və müəllimələri tərəfindən ona hər zaman qayğı ilə yanaşıldığını qeyd etmişdir.

Həmçinin A.Hüseynova bildirmişdir ki, 2016-cı ilin yay aylarında özünü Sahib Teymurov olaraq təqdim etmiş şəxs uşaq evinə gələrək onunla və digər uşaqlarla görüşmüş, özünün də vaxtı ilə uşaq evində yaşadığını və uşaqlara köməklik etmək istədiyini söyləmişdir. 

A.Hüseynova sonra bildirmişdir ki, S.Teymurov başqa uşaqlardan kənarda onunla görüşərək dediklərini təkrarlayacağı halda ona 20 (iyirmi) manat pul verəcəyini və aralarında olan söhbəti heç kimə deməyəcəyini vəd etmiş, bundan sonra S.Teymurovun dediklərini təkraralayaraq müəlliməsi M.Əsgərova tərəfindən döyülərək işgəncəyə məruz qaldığını və özünü öldürmək istədiyini demiş, S.Teymurov bu zaman onun dediklərini video kameraya çəkmiş və ona 20 (iyirmi) manat pul vermişdir.

Araşdırma zamanı uşaq evində tərbiyə olunan digər şəxslərlə də konfidensial şəraitdə keçirilmiş görüş zamanı onlar Uşaq evinin müdiri və müəllimləri tərəfindən heç vaxt hər hansı təzyiq və işgəncəyə məruz qalmadıqlarını bildirmişlər. 

Araşdırmanın nəticələri ilə bağlı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq Aktlar tərtib edilmişdir. Həmin aktlar A.Hüseynova və görüş keçirilmiş digər şəxslər tərəfindən imzalanmışdır.

Müəssisənin müdiri İ.Məmmədova uşaq evində tərbiyə olunan uşaqlara qarşı heç zaman işgəncəyə yol verilmədiyini, baş vermiş hadisə ilə əlaqədar 07.06.2017-ci il tarixdə Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini söyləmişdir.

Şəki Şəhər Rayon Polis Şöbəsi İ.Məmmədovanın bu məsələ ilə bağlı ərizə ilə müraciət etdiyini təsdiqləyərək, müvafiq araşdırma aparıldığını bildirmişdir.