Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsman İnstitutunun əməkdaşı BMT-nin İnsan Hüquqları Şurasının 35-ci sessiyasına Müvəkkilin bəyanatını təqdim etmişdir

12-06-2017 153 dəfə oxunub
Azərbaycan Ombudsman İnstitutunun əməkdaşı BMT-nin İnsan Hüquqları Şurasının 35-ci sessiyasına Müvəkkilin bəyanatını təqdim etmişdir

Azərbaycan Ombudsman İnstitutunun Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli 6-23 iyun 2017-ci il tarixlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 35-ci iclasında çıxış edərək iştirakçılara İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın Bəyanatını təqdim etmişdir.

Təsisatın əməkdaşı sözü gedən bəyanatda heç bir ayrı-seçkiliyə yol vermədən təhsil hüququnun təmin olunması, insan hüquqları ilə bağlı maarifləndirmə sahəsində Müvəkkilin fəaliyyəti haqqında məlumat vermişdir. O, həmçinin ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı haqqında da danışaraq eyni zamanda bu proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik edilməsinin Ombudsmana tövsiyə olunduğunu iştirakçıların nəzərinə çatdırmışdır.

Z.Vəliməmmədli sözü gedən bəyanatla insan hüquqları ilə bağlı təhsil sahəsində müsbət təcrübə kimi ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisi ilə əlaqədar Müvəkkilin fəaliyyətinə diqqət çəkərək, qeyd etmişdir ki, pilləli təhsilin əsas məqsədi BMT-nin Uşaq hüquqları Konvensiyasını uşaqların iştirakı ilə daha sadə dildə öyrənilməsi və onların özlərinin bir təlimçi kimi yetişdirilməsidir.

O, qaçqın və məcburi köçkünlər, miqrantlar, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslər üçün insan hüquq və azadlıqlarının təbliği sahəsində Müvəkkilin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və UNICEF ilə birgə əməkdaşlığı haqqında da məlumat vermişdir. Müvəkkilin sözü gedən bəyanatda qeyd olunan fəaliyyətləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ombudsman İnstitutu Paris Prinsiplərinin tələblərinə tam cavab verdiyi üçün BMT-nin Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının ən yüksək status olan “A Statuslu” üzvüdür. Bu statusa malik olmağı Ombudsman Təsisatına sözü gedən şuranın bütün sessiyalarında iştirak etmək, gündəliyə uyğun olaraq sessiyalara yazılı və şifahi bəyanatlar təqdim etmək imkanı varir. Fəaliyyət dövrü ərzində İnsan Hüquqları Şurasının sessiyalarına müxtəlif vaxtlarda Müvəkkilin iyirmidən çox yazılı və şifahi bəyanatları təqdim olunmuş və bu qurumun saytında yerləşdirilmişdir.