Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Liderlik Məktəbinin üzvləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçirmişlər

05-06-2017 179 dəfə oxunub
Liderlik Məktəbinin üzvləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ötən illərdə olduğu kimi, bu il də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirmişdir. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Qala qəsəbəsindəki Eko-parkda təşkil edilmiş “Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlmişdir. Tədbirdə Ombudsman Aparatının əməkdaşları, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbinin üzvləri iştirak etmişlər.

Tədbir çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Ombudsman Aparatının əməkdaşı, Müvəkkilin Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi və Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, birgə tədbirlərin təşkil olunduğu haqqında ətraflı məlumat verilmişdir. 

Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə müvafiq sahədə mühüm işlər aparılır, ekoloji tarazlıq balansının gözlənilməsi üzrə tədbirlər görülür, əhalinin ekoloji hüquq və vəzifələrinin həyata keçirilməsi, həmin istiqamətdə maarifləndirmə təmin edilir.

Sonra iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.

Tədbirin rəsmi hissəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin yetirmələrinin ekoloji hüquqların həyata keçirilməsi sahəsində apardıqları işlər barədə məlumatları dinlənilmişdir. Onlar bu mövzuda şerlər və səhnəciklər ifa etmişlər. 

Tədbir iştirakçılarının hər birinə ARDNŞ tərəfindən təşəkkürnamələr təqdim olunmuşdur.