Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilmişdir

09-06-2017 10123 dəfə oxunub
DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilmişdir

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Bu fəaliyyət çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.

Başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olmuşdur.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən şikayət etməmiş, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildirmişlər. 

Fərdi qaydada qəbul zamanı saxlanılan şəxslərin qaldırdıqları bəzi müraciətlər yerində araşdırılmış və sənədləşmənin aparılması vəziyyəti öyrənilmiş, hər birinə hüquqi məsləhətlər verilmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunmuşdur. 

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaqdır.