Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

09-06-2017 10117 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər. 

Qeyd olunmalıdır ki, Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili üzrə araşdırmalar aparılır.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, həbs olunmuş şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti: qidalanma, ərzaq təminatı, tibbi yardım, görüş, telefon danışığı və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər. 

MPQ üzvləri tərəfindən qəbul edilmiş şəxslər, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov, Qiyas İbrahimov da konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmışdır. 

Onlar müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilmiş, sənədləri araşdırılmış, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, bəzilərinin Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş və ya yerində təmin edilmişdir.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir. 

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaqdır.