Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmişlər

01-06-2017 10394 dəfə oxunub
Ombudsmanın nümayəndələri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmişlər

Sumqayıt şəhərində yerləşən “İdrak” liseyində və bu liseyin Bakı filialında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər keçirilmişdir.

Hər iki təhsil müəssisəsinin rəhbərliyinin, müəllim və şagirdlərin qatıldığı həmin tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Müqalib Mahmudov və Rəşad Novruzov müvafiq olaraq iştirak etmişlər.

Tədbirlərdə iştirak edən şagirdlər müxtəlif fənlər üzrə təqdimatlar etmiş, qonaqlardan ibarət tərkibdə yaradılmış münsiflər heyəti tərəfindən həmin təqdimatlar qiymətləndirilmiş, proqram üzrə şeir və mahnılar dinlənilmiş, istedad və bacarıqlar nümayiş etdirilmişdir.

Aparatın əməkdaşları çıxış edərək tədbir iştirakçılarını Ombudsman Elmira Süleymanovanın adından salamlamış, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və qarşıdan gələn 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişlər.  

Onlar ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışmış, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlər haqqında məlumat vermişlər. 

Dövlət başçısının 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin  ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd edildiyini və bu il həmin Sərəncamın imzalanmasının 10 ilinin tamam olduğunu,  həmin  əlamətdar tarixlə əlaqədar ənənəvi olaraq, bu il də Ombudsmanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”nın elan olunduğunu və bu çərçivədə uşaq hüquqları ilə də bağlı silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılmışdır.  

Müvəkkilin insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsindəki fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilmiş, Ombudsmanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları aylığı”nın da keçirildiyi, bununla əlaqədar bir sıra hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğu vurğulanmışdır. 

Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə razılaşma əsasında paytaxt Bakıda və respublikanın regionlarında şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədris proqramının uğurla həyata keçirildiyi, fərqlənmiş şagirdlərin Ombudsman tərəfindən sertifikatla təltif edildiyi qeyd olunmuşdur.

Bundan əlavə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbinin fəaliyyəti, oradakı uşaqların vətənpərvərlik ruhunda tərbiyə almaları, uşaq hüquqları ilə bağlı tədbirlərin təşkil olunduğu da bildirilmişdir.

Tədbir başa çatdıqdan sonra lisey rəhbərliyi Aparatın əməkdaşlarını tədris müəssisəsinin maddi-texniki bazası, o cümlədən fənn kabinetləri, yeməkxana, idman zalı, habelə tədris müəssisəsinin yeni yaradılmış elektron dərs portalı ilə tanış etmişdir.