Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Daun sindromlu uşaqların hüquqları Ombudsmanın diqqət mərkəzindədir

30-05-2017 243 dəfə oxunub
Daun sindromlu uşaqların hüquqları Ombudsmanın diqqət mərkəzindədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çoxşaxəli fəaliyyətində digər hüquqlarla yanaşı, əlilliyi olan şəxslərin, o cümlədən Daun sindromlu uşaqların hüquqlarının təmin olunmasını daim diqqətdə saxlayır, onlarla görüşərək vəziyyətlərini öyrənir və problemlərinin həllində yardımçı olur. Bir müddət əvvəl Ombudsman Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə göstərdiyi diqqət, qayğıkeş münasibət və dəstəyə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin Təşəkkürnaməsi ilə təltif olunmuş və ona xatirə suveniri təqdim edilmişdir.

Bu gün “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil olunmuş bu tədbirə Ombudsman Aparatının əməkdaşı Lamiyə Zeynalova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, digər dövlət qurumlarının rəsmiləri, uşaqlar və valideynlər qatılmışlar. 

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva qonaqları salamlamış, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. O, sədri olduğu birliyin fəaliyyəti barədə ətraflı məlumat vermiş, məqsədlərinin sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsi olduğunu vurğulamışdır.

Tədbir çərçivəsində Birliyin təşkilatçılığı ilə ilk dəfə olaraq baş tutan, Daun sindromlu şəxslər və serebral iflicli uşaqlarla Azərbaycanın peşəkar idmançılarının birgə iştirak etdiyi idman oyunlarından ibarət olan Olimpiadanın mükafatlandırma mərasimi təşkil olunmuşdur. Doqquz idman növü olan voleybol, basketbol, futbol, qaçış, şahmat, gimnastika, badminton, üzgüçülük və güləş  üzrə keçirilən oyunlarda yer tutan şəxslərə medallar təqdim edilmişdir. 

L.Zeynalova voleybol üzrə qaliblərə qızıl və gümüş medallar təqdim etmiş və çıxışında Ombudsmanın adından əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını bildirmişdir. Bu tədbirə görə təşkilatçılara, o cümlədən Daun sindromlu uşaqların vəziyyətini diqqətdə saxlayan, onların sosial reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma böyük həvəslə, bacarıqla rəhbərlik edən Sevinc Abdullayevaya fəaliyyətinə görə təşəkkürlər etmişdir. 

O, uşaq hüquqlarının, o cümlədən bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirmişdir, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara, o cümlədən Daun sindromlu, serebral iflicdən, auitizmdən əziyyət çəkən uşaqlara qayğı göstərilməsinin, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

A.Qasımov və digər iştirakçılar çıxış edərək, tədbirin keçirilməsinə və dəvətə görə təşkilatçılara minnətdarlıqlarını bildirmiş, mövzu ilə bağlı fikirlərini söyləmişlər.

Tədbirdə qeyd olunan Olimpiada ilə bağlı videoçarx nümayiş etdirilmiş, sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hazırladığı maraqlı çıxışlarla davam etdirilmişdir.