Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir

26-05-2017 179 dəfə oxunub
İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən uşaq hüquqlarına dair pilləli tədrisin həyata keçirildiyi Qax rayon 4 saylı və Zaqatala rayon 3 saylı tam orta məktəblərdə həmin rayonların təhsil şöbələrinin nümayəndələrinin, məktəb rəhbərliyinin, müəllim və şagirdlərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir. 

Tədbirlərdə çıxış edən Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov ilk öncə iştirakçılara 28 may – Respublika Günü ilə əlaqədar Müvəkkilin təbrikini və xoş arzularını çatdırmışdır. Qeyd olunmuşdur ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi prosesinin nəticəsi kimi yaranmış, iki ilə yaxın qısa bir müddətdə mövcud olmasına baxmayaraq demokratik hüquq və azadlıqların bərqərar olması, bir çox Avropa ölkəsini geridə qoyaraq qadınların seçki hüququnu tanıması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsilin, mədəniyyətin inkişafı, milli ordu quruculuğu və s. sahələrdə görülmüş işlərlə dövlətçilik tariximizdə dərin iz buraxmışdır. 

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinin dövlət səviyyəsində geniş qeyd edilməsi ilə əlaqədar müvafiq sərəncam imzalamışdır.

Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və  azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılmış, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunur və hər il olduğu kimi bu il də Ombudsmanın tərəfindən mayın 18-dən iyunun 18-dək ölkədə İnsan Hüquqları Aylığı elan edilmişdir.

Müvəkkilin fəaliyyətində əhalinin digər qruplarının hüquqları ilə yanaşı uşaq hüquqlarının müdafiəsi də mühim yer tutur. Uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən digər tədbirlər sırasında Ombudsman tərəfindən uşaq hüquqlarının tədrisinə xüsusi diqqət yetirilir ki, 2009-2010-cu tədris ilindən başlayaraq orta ümumtəhsil məktəblərində Müvəkkilin təşəbbüsü ilə Uşaq Hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilməkdədir. Həmçinin Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramında da Uşaq hüquqlarının pilləli tərdrisinin inkişaf etdirilməsi nəzərdə tutulmuş, ölkəmizin digər bölgələri kimi, Şəki Regional Mərkəzin əhatə etdiyi rayonlar üzrə, o cümlədən bu tədbirlərin keçirildiyi məktəblərdə də uşaq hüquqlarının pilləli tədrisi uğurla həyata keçirilmişdir.

Sonra qeyd edilən rayonların təhsil şöbələrinin məsul şəxsləri və məktəb direktorları çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə Müvəkkilə minnətdarlıqlarını bildirmiş, uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirilməsinin şagirdlərin hüquqlarını daha dərindən mənimsəmələrində böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişlər.