Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Avropa İttifaqının dəstəyi ilə təşkil olunmuş təlimdə iştirak etmişdir

22-05-2017 207 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Avropa İttifaqının dəstəyi ilə təşkil olunmuş təlimdə iştirak etmişdir

Bu günlərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən gerçəkləşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi çərçivəsində aidiyyəti dövlət qurumları üçün “Sığınacaq axtaranların müsahibə texnikaları və həssas qrupların sığınacaq prosedurları” mövzusunda təlim keçirilmişdir.

Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) nümayəndəsi Aleksander Novikau, miqrasiya məsələləri üzrə ixtisaslaşmış beynəlxalq ekspertlər qismində Polşa Respublikasından Maqdalena Lubelska, Hollandiyadan İrene Kozica, MSİBM-in milli layihə rəhbəri E.Nəsibov, Ombudsman Aparatının sektor müdiri R.Novruzov, Dövlət Miqrasiya Xidmətinin sektor müdiri A.Seyidova və xidmətin digər əməkdaşları, o cümlədən Daxili İşlər Nazirliyinin nümayəndəsi E.Hacıyev, psixoloq R.Əlibəyova da iştirak etmişlər. 

Təlimdə qaçqın statusunun müəyyən edilməsi zamanı müsahibə texnikaları və qaydaları, peşəkar münasibət və ünsiyyət alətləri, həssas qruplara aid sığınacaq axtaranların müəyyən olunması metodları və onlarla, xüsusən uşaqlar və əlilliyi olan şəxslərlə müsahibənin aparılması qaydaları barədə geniş fikir mübadiləsi aparılmış, bu sahədə Avropa ölkələrinin təcrübəsi iştirakçıların diqqətinə çatdırılmışdır.

Ombudsmanın nümayəndəsi İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın insan hüquq və azadlıqları, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqları sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat vermişdir. O, Müvəkkil və Aparatın əməkdaşlarının mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində yerləşən Qanunsuz miqrantların saxlanılma mərkəzlərinə baş çəkdiyini, saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemlərini öyrəndiyini, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində köməklik göstərildiyini bildirmiş, iştirakçıların suallarını cavablandırmışdır.  

Tədbirdə mövzu üzrə geniş fikir mübadiləsi, müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılmış, təklif və tövsiyələr səsləndirilmişdir.