Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ekoloji hüquqların təmin olunması Ombudsmanın diqqət mərkəzindədir

22-05-2017 204 dəfə oxunub
Ekoloji hüquqların təmin olunması Ombudsmanın diqqət mərkəzindədir

Məlum olduğu kimi, “Beynəlxalq ətraf mühitin mühafizəsi Günü” 5-16 iyun 1972-ci il tarixdə BMT-nin ətraf mühitlə bağlı keçirilən konfransında Yaponiya və Seneqalın təklifi ilə təsis olunmuş, dünya ictimaiyyətinin diqqətini ətraf mühitin mühafizəsi problemlərinə cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur. BMT-nin Baş Assambleyası təşkilatın üzvü olan ölkələri bu gündə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri həyata keçirməyə çağırır.

Bu fikirlər “Beynəlxalq ətraf mühitin mühafizəsi Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində təşkil olunmuş interaktiv şəkildə seminar-məşğələdə səsləndirilmişdir.

Tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, Aparatın əməkdaşı, Müvəkkilin Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Liderlik məktəbinin üzvləri, Bakı şəhərinin bir sıra məktəbliləri və valideynlər iştirak etmişlər. 

Seminar-məşğələni aparan G.Rəhimova tərəfindən ekoloji hüquq və vəzifələr haqqında, ölkəmizdə mövcud olan ekoloji siyasət və ekologiyanın qorunmasına dair aparılan işlər barədə ətraflı məlumat verilmişdir. 

Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə müvafiq sahədə mühüm işlər aparılır, ekoloji tarazlıq balansının gözlənilməsi üzrə tədbirlər görülür, əhalinin ekoloji hüquq və vəzifələrinin həyata keçirilməsi, həmin istiqamətdə maarifləndirmə təmin edilir.

Təbii sərvətləri olduqca zəngin olan ölkəmizdə mövcud qoruqların ərazisi genişləndirilmiş və abadlaşdırılmış, milli parklar yaradılmış, habelə ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir, o cümlədən Bakı və regionlarda kütləvi ağacəkmə kampaniyaları təşkil olunur. Habelə Azərbaycanın bənzərsiz təbiətinin, füsunkar guşələrinin beynəlxalq aləmdə tanıdılması sahəsində atılmış mühüm addımlar, bu istiqamətdə həyata keçirilən tədbirlər razılıqla qarşılanır və təqdir olunur.

Seminar-məşğələdə Ombudsmanın insan hüquqları, o cümlədən ekoloji hüquqlar sahəsində çoxşaxəli fəaliyyəti, bu istiqamətdə uşaqların geniş maarifləndirilməsi, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, birgə tədbirlərin təşkil olunduğu haqqında ətraflı məlumat verilmişdir.

Sonra iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.