Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər keçirilir

22-05-2017 230 dəfə oxunub
İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər keçirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur. Həmin  əlamətdar tarixlə əlaqədar olaraq, bu il də İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunmuşdur.

Bu aylıq çərçivəsində Ombudsmanın Gəncə Regional Mərkəzi və İqtisadiyyat Nazirliyinin Bakı Biznesin Tədrisi Mərkəzi Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Sahibkar Qadınlar İctimai Birliyi üzvlərinin iştirakı ilə “Məişət zorakılığı ilə mübarizənin hüquqi aspektləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı, Müvəkkilin təşəbbüsü ilə həyata keçirilən “İnsan Hüquqları Aylığı” barədə məlumat vermişdir. 

Qeyd edilmişdir ki, cəmiyyətdə mövcud olan və qadınların insan hüquqlarının həyata keçirilməsinə böyük əngəl törədən halların aradan qaldırılması, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə ölkəmizdə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edən və tənzimləyən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 22 iyun 2010-cu il tarixdə qəbul olunmuşdur.

Məruzəçi tərəfindən həmin qanunun müddəaları, Ombudsman təsisatının bu sahədə həyata keçirdiyi tədbirlər, ərizə və şikayətlərə baxılması qaydaları, həmçinin Müvəkkilin səlahiyyətləri, regional mərkəzlərinə müraciət etmək qaydaları barədə ətraflı məlumat verilmişdir.

Tədbir iştirakçıları aktual mövzularda mütəmadi olaraq təşkil edilən hüquqi maarifləndirmə tədbirlərinə görə Ombudsmana təşəkkürlərinin çatdırılmasını xahiş etmişlər.