Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Cəzaçəkmə müəssisələrinə başçəkmələr davam etdirilir

17-05-2017 178 dəfə oxunub
Cəzaçəkmə müəssisələrinə başçəkmələr davam etdirilir

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexasnizm qismində fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili üzrə araşdırmalar aparılır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, MPQ-nin üzvləri tərəfindən növbəti belə başçəkmə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində həyata keçirmişdir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, tibbi-sanitar hissəsinə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.

Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən bəzi işlərin davam etdirildiyi müşahidə edilmişdir. Eyni zamanda həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması ilə bağlı MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.

MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar, o cümlədən Mehman Hüseynov konfidensial qaydada qəbul edilərək dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, habelə bir sıra müraciətlər yerində təmin edilmişdir.

Qəbul zamanı müəssisə əməkdaşlarının məhkumlarla rəftarından şikayət alınmamış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmiş, hüquqi maarifləndirici söhbətlər aparılmışdır.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın əhəmiyyəti vurğulanmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.