Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş toplantı keçirilmişdir

03-05-2017 157 dəfə oxunub
Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş toplantı keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın sədrliyi ilə Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin doğum gününün 94-cü ildönümü ilə bağlı toplantı keçirilmişdir. Toplantıda Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak etmişlər. 

İlk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ombudsman çıxış edərək bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin həyat və gərgin fəaliyyəti onun şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir. Belə ki, bu dünya şöhrətli siyasətçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində real addımlar atılmış, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanmışdır. 

E.Süleymanova onu da vurğulamışdır ki, Ümummilli liderimizin diqqətindən kənar qalan heç bir sahə olmamışdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquq və azadlıqları təmin olunmuş, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılmışdır.

Bildirilmişdir ki, Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Belə ki, onun təşəbbüsü və səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, insanların sosial rifah halının yüksəldilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə şərait yaratmışdır.

Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edilmiş, bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur.

Ulu öndərin hakimiyyəti zamanı insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, müvafiq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır. 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulmuş, 1998-ci ildən isə ölüm cəzası ləğv olunaraq ömürlük  azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. 

Prezident Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycanda əfv institutu bərpa olunmuşdur. 1995-2003-cü illərdə ulu öndər tərəfindən 32 əfv fərmanı və sərəncamı imzalanmışdır. Ümumiyyətlə dövlətimizin humanist siyasəti nəticəsində 1995-2017-cı illər ərzində 62 əfv fərmanı və sərəncamı imzalanmışdır ki, bununla da minlərlə insan azadlığa qovuşmuşdur. 

Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunmuşdur. 

Qeyd olunmuşdur ki, Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci il 28 dekabr tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində həqiqətən böyük dönüş nöqtəsi oldu.

Ümummilli liderimizin siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən öndər ölkəyə çevrilmişdir. 

Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxış edərək, Müvəkkilin tapşırığı ilə regionlarda Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş tədbirlərin  keçiriləcəyini və bununla bağlı hazırlıq işlərinin aparıldığını bildirmişlər.

Tədbirin yekununda Müvəkkil indiki nəsil kimi, gələcək nəslin də xalqımızın böyük oğlu Heydər Əliyevin xatirəsini daim əziz tutacağına əminliyini ifadə etmişdir.