Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında növbəti qrup tələbənin istehsalat təcrübəsi başa çatmışdır

26-05-2017 10048 dəfə oxunub
Ombudsman Aparatında növbəti qrup tələbənin istehsalat təcrübəsi başa çatmışdır

İnsan hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə yanaşı, tələbə və magistrantların səmərəli istehsalat və elmi-tədqiqat təcrübəsi keçməsi, ixtisaslaşmış kadrların hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın diqqət yetirdiyi məsələlərdəndir.

01 may 2017-ci il tarixdən Ombudsman təsisatında təcrübə keçən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin IV kurs tələbələrinin və Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsinin istehsalat təcrübəsi bu gün başa çatmışdır. 

Qeyd olunmalıdır ki, təcrübə müddətində Aparatın əməkdaşları tələbələrə həm nəzəri, həm də praktiki dərslər keçərək, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, Ombudsmanın hüquqi maarifləndirmə, elmi-analitik, informasiya təminatı, ictimaiyyətlə və beynəlxalq əlaqələr sahəsində fəaliyyəti, habelə qaçqın və məcburi köçkünlərin, miqrantların, uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində gördüyü işlər, İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə baxışların həyata keçirilməsi, o cümlədən həmin müəssisələrdə insanların saxlanılma şəraiti, onlarla rəftar, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili ilə bağlı başçəkmələr barədə mühazirələr oxumuşlar. 

İstehsalat təcrübəsi keçən tələbələr təsisatın hər bir struktur bölməsinin işi ilə tanış olmuş, ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edərək, İnsan hüquqları kitabxanasının fondundakı hüquqi nəşrlərdən faydalanmışlar.

Yekunda tələbələrə xasiyyətnamələri təqdim edilmiş və hüquq elminin dərinliklərinə yiyələnərək gələcəkdə dövlətimizin inkişafı, insan hüquqlarının təmin olunması istiqamətində çalışmaq tövsiyə olunmuşdur. 

Tələbələr tərəfindən təcrübə kursunun yüksək səviyyədə təşkili, onlar üçün yaradılmış şəraitə görə Ombudsmana minnətdarlıq bildirilmişdir. 

Qeyd olunmalıdır ki, bu günə kimi Ombudsman Aparatında ümumilikdə 311 tələbə və magistrant istehsalat və elmi-tədqiqat təcrübəsi keçərək xasiyyətnamələr almışlar. Əsas etibarilə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və digər  universitetlərin Hüquq, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər, Siyasi idarəetmə, Regionşünaslıq və beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə, Beynəlxalq münasibətlər fakültələrinin tələbə və magistrantları olmuşlar.