Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi “Milli kimlik və ailə” mövzusunda tədbirdə çıxış etmişdir

29-04-2017 193 dəfə oxunub
Ombudsmanın nümayəndəsi “Milli kimlik və ailə” mövzusunda tədbirdə çıxış etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində cəmiyyətin əsas özəyi olan ailə məsələlərinin  insan hüquqları baxımından diqqətdə saxlanılması və həlli mühüm yer tutur, bu istiqamətdə səmərəli işlər həyata keçirilir.

“Müasir İnkişaf” İctimai Birliyinin nəzdində “Milli Kimlik” Araşdırma Mərkəzi tərəfindən 29 aprel 2017-ci il tarixdə “Milli kimlik və ailə” mövzusunda tədbir keçirilmişdir. 

Tədbirdə alimlər, dövlət qurumlarının və QHT-lərin nümayəndələri, habelə Ombudsman Aparatının əməkdaşı Lamiyə Zeynalova iştirak etmişlər.

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə heyətinin sədri Mübariz Göyüşlü giriş sözü ilə çıxış edərək, tədbirin məqsəd və məramını açıqlamış, milli kimlik və ailə dəyərləri haqqında fikirlərini bölüşmüş, həmin faktorların əhəmiyyəti, habelə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.

Ombudsmanın nümayəndəsi L.Zeynalova tədbirdə çıxış edərək, iştirakçıları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın adından salamlamış, ailənin möhkəmlənməsi və inkişafı, sosial müdafiəsi, uşaqların ailədə tərbiyə edilməsi istiqamətində aparılan dövlət siyasətinin nəticəsində ailənin cəmiyyətdə rolu və imkanlarının genişləndiyini, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ailənin formalaşmasının və inkişafının cəmiyyətdə baş verən dinamik proseslərlə əlaqədar olduğunu bildirmişdir.

O, Ombudsmanın fəaliyyəti dövründə ailə mövzusunda bir çox tədbirlərin keçirildiyini, qadınların, uşaqların, ahılların, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı aidiyyəti qurumlara çoxsaylı təkliflərin və tövsiyələrin verildiyini söyləmişdir. 

Bildirilmişdir ki, Müvəkkilin təşəbbüsü ilə ailə və sağlamlıq, “Sağlam ana - sağlam övlad” reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemləri, ailə dəyərləri, ailədə zorakılığın qarşısının alınması, orta ümumtəhsil məktəblərində şagirdlərə ailə haqqında biliklərin verilməsi prosesinin gücləndirilməsi, habelə qaçqın və məcburi köçkün ailələrin problemlərinin həlli yolları, gender bərabərliyi, qadın hüquqları və digər bu kimi mövzularda təşkil olunmuş silsilə tədbirlərin bu sahəyə diqqətin daha da artırılmasına xidmət etmişdir. 

Ombudsman tərəfindən müvafiq dövlət qurumlarına verilmiş tövsiyələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüş, onun qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı verdiyi təkliflər nəzərə alınaraq Ailə Məcəlləsinə də bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Eyni zamanda Aparatın əməkdaşı qeyd etmişdir ki, E.Süleymanovanın fəxri prezidenti olduğu, BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusuna malik ilk və yeganə qadın qeyri-hökumət təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzi və bu qurumun nəzdində 2001-ci ildə yaratdığı Ahılların Resurs Mərkəzi də ailə mövzusunda səmərəli işlər görürlər. Habelə bu qurumların fəaliyyətində nəsillər arasında körpü rolunun əhəmiyyəti diqqətə çatdırılmışdır.

Cəmiyyətin əsas özəyi olan ailənin problemlərinin həlli sahəsində fəaliyyətin daha geniş müstəvidə, əlaqədar dövlət qurumlarının, QHT-lərin birgə səyləri ilə və KİV-lə əməkdaşlıq çərçivəsində davam etdirilməsinin vacibliyi vurğulanmışdır.