Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

15 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

28-04-2017 184 dəfə oxunub
15 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirmişlər.

Başçəkmə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilmiş, müəssisədə saxlanma şəraiti və rəftar məsələləri, daxil olmuş ərizə və müraciətlər, məhkumların hüquqlarının təmini, habelə müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyəti yerində araşdırılmışdır.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxışlar keçirilmiş, tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.

Müəssisədə həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması məqsədilə MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə tövsiyələr verilmişdir. 

MPQ üzvləri tərəfindən həmin müəssisədə qəbul olunmuş məhkumlar konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, müəssisə əməkdaşlarının məhkumlarla rəftarı, müvafiq qərarlarla bağlı sənədləşmə araşdırılmış, saxlanma şəraiti və tibbi yardımla bağlı bir sıra müraciətlər yerində təmin edilmişdir. 

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmiş, hüquqi maarifləndirici söhbətlər aparılmışdır. 

Başçəkmənin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına uyğun şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.