Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Göygöl rayonunda “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir

28-04-2017 212 dəfə oxunub
Göygöl rayonunda “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində həmin rayon ictimaiyyətinin, müxtəlif dövlət orqanlarının, o cümlədən rayon icra hakimiyyəti və polis şöbəsi əməkdaşlarının iştirakı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.     

Tədbiri Göygöl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Babək Rəsulov giriş sözü ilə açaraq məişət zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin vacibliyini vurğulamışdır.

İştirakçılara İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın salamlarını çatdıran Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, keçirilən tədbir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq məişət zorakılığına qarşı mübarizə ilə bağlı qəbul edilmiş qanunun və digər normativ sənədlərin təbliği məqsədini daşıyır. Məişət zorakılığının qarşısının alınması nəzəriyyəsi və təcrübəsi göstərir ki, məişət zorakılığı hər zaman gender bərabərliyinin pozulması, adət və ənənə xarakterli münasibətlərin ifrat idrakı, iqtisadi asılılıq və digər amillərin təzyiqi altında yaranır. Ona görə gender bərabərliyinin təminatı, qadınlara qarşı zorakılığın, xüsusən cinayət xarakterli hərəkətlərin qarşısının alınması, məişət zorakılığı faktlarının hüquq pozuntusu kimi tanınması hər bir demokratik dövlətin vəzifəsidir. Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır. 

S.Abbasov 22 iyun 2010-cu il tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, həmçinin Ombudsman təsisatı tərəfindən bu sahədə həyata keçirilən tədbirlər, ərizə və şikayətlərə baxılması qaydaları, Müvəkkilin səlahiyyətləri, regional mərkəzlərinə müraciət etmək qaydaları barədə ətraflı məlumat verilmişdir.

Mövzu ilə bağlı Göygöl RPŞ-in əməkdaşları və digər iştirakçılar çıxışlar edərək cəmiyyətdəki məişət zorakılığı problemi ilə bağlı münasibətlərini bildirmişlər. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

İştirakçılar aktual mövzularda Göygöl rayonunda mütəmadi olaraq təşkil edilən hüquqi maarifləndirmə tədbirlərinə görə Müvəkkilə təşəkkürlər etmişlər.