Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ailə Akademiyası layihəsi çərçivəsində keçirilən tədbirdə Ombudsmanın nümayəndəsi iştirak etmişdir

21-04-2017 185 dəfə oxunub
Ailə Akademiyası layihəsi çərçivəsində keçirilən tədbirdə Ombudsmanın nümayəndəsi iştirak etmişdir

“Aydınlığa doğru” İctimai Birliyinin “Ailə Akademiyası” layihəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Yeqanə Cəfərova, Təhsil Nazirliyinin və digər qurumların, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, məktəblilər və valideynlər iştirak etmişlər.

“Aydınlığa doğru” İctimai Birliyinin rəhbəri Solmaz Əmirli giriş sözü ilə çıxış edərək, rəhbərlik etdiyi ictimai birliyin 2015-ci ildən “Ailə Akademiyası” layihəsinə start verildiyini və bu layihənin müasir Azərbaycan cəmiyyətində ailədə yaranmış problemlərin həllinə, yeni nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə yönəldiyini bildirmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya Ofisinin (TİKA) yardımı və Azərbaycanın tanınmış ziyalılarından ibarət münsiflər heyətinin iştirakı ilə ailə dəyərləri mövzusunda slayd şou (“Mənim ailəm”) və şeir-hekayə (“Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir”) müsabiqələri təşkil edilmişdir. Hər iki müsabiqənin qalibləri təltif olunmuşlar.

Tədbirdə çıxış edən Ombudsmanın nümayəndəsi Y.Cəfərova  təşkilatçıları və müsabiqə qaliblərini İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın adından təbrik etmiş və xoş arzularını bildirmişdir. O, Ombudsmanın fəaliyyəti dövründə ailə mövzusunda bir sıra tədbirlərin keçirildiyini, qadın, uşaq, ahıl, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı aidiyyəti qurumlara çoxsaylı təkliflərin verildiyini söyləmişdir. 

Qeyd olunmuşdur ki, ailənin möhkəmlənməsi və inkişafı, sosial müdafiəsi, uşaqların ailədə tərbiyə edilməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində ailənin cəmiyyətdə rolu və imkanları genişlənməkdədir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ailənin formalaşması və inkişafı cəmiyyətdə baş verən dinamik proseslərlə əlaqədardır.

Müvəkkilin təşəbbüsü ilə ailə və sağlamlıq, “Sağlam ana - sağlam övlad” reproduktiv sağlamlıq və ailə planlaşması problemləri, ailədə zorakılığın qarşısının alınması, gender bərabərliyi və qadın hüquqları, yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığı, narkomanlığın, QİÇS-in və başqa neqativ halların profilaktikası, orta ümumtəhsil məktəblərdə şagirdlərə ailə haqqında biliklərin verilməsi prosesinin gücləndirilməsi, habelə qaçqın və məcburi köçkün ailə problemləri, onların həlli yolları və digər bu kimi mövzularda təşkil olunmuş silsilə tədbirlərin bu sahəyə diqqətin daha da artırılmasına xidmət etmişdir. 

Bildirilmişdir ki, müvafiq dövlət qurumlarında Müvəkkil tərəfindən verilmiş təkliflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüş, onun qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı verdiyi təkliflər nəzərə alınaraq Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nə də bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Cəmiyyətin əsas özəyi olan ailənin problemlərinin həlli sahəsində fəaliyyətin daha geniş müstəvidə, əlaqədar dövlət qurumlarının, QHT-lərin birgə səyləri ilə davam etdirilməsinin vacibliyi vurğulanmışdır.