Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

21-04-2017 160 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirmişlər.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxışlar keçirilmiş, saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.

Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, o cümlədən yeni qısa və uzunmüddətli görüş yerlərinin, klubun, yardımçı yeməkxananın, telefon danışığı yerlərinin abadlaşdırılması, ümumi yeməkxana və hamamda təmir-yenidənqurma işlərinin davam etdirilməsi müsbət qiymətləndirilmişdir. Həyata keçirilən işlər çərçivəsində cərimə təcridxanasında saxlanılma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə tövsiyə edilmişdir. 

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə 40-dan çox məhkum konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılmış, habelə bir sıra müraciətlər yerində təmin edilmişdir. Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmiş, hüquqi maarifləndirici söhbətlər aparılmışdır.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.