Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Dünya Hemofiliya Gününə həsr edilmiş tədbirdə iştirak etmişdir

18-04-2017 220 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Dünya Hemofiliya Gününə həsr edilmiş tədbirdə iştirak etmişdir

Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyası 17 Aprel tarixini Dünya Hemofiliya Günü elan etdiyi üçün bu gün 1999-cu ildən Azərbaycanda da qeyd edilir.

Hemofiliya qanda laxtalanma sisteminin pozulması ilə müşahidə olunan irsi qan xəstəliyidir və onun əsas təhlükəsi qanaxmalardır. Belə ki, hər hansı baş-beyin zədələnməsi nəticəsində yaranan qansızma həyat üçün təhlükə yaradır. Yaxud hemofiliyalı insanlara vaxtında dərman preparatları çatdırılmazsa, onlar ömürlük əlilliklə üzləşə bilərlər. 

Bu fikirlər Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının konfrans zalında Dünya Hemofiliya Günü münasibətilə keçirilmiş tədbirdə səslənmişdir.

Müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin, tibb işçilərinin, hemofiliyalı şəxslərin qatıldığı həmin tədbirdə Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov iştirak etmişdir.

İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndəsi tədbirdə çıxış edərək əlliliyi olan şəxslərin, o cümlədən hemofiliya, talassemiya və digər irsi qan xəstəliklərdən əziyyət çəkənlərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, habelə Ombudsman Elmira Süleymanovanın bu istiqamətdəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Azərbaycanda irsi qan xəstəliyindən əziyyət çəkənlərin tam dövlət qayğısı ilə əhatə olunduğu, bu məqsədlə “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” xüsusi bir Qanunun, daha sonra isə bu qəbildən olan şəxslərin registrinin yaradılması və aparılması, onların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydalarının təsdiq olunduğu, bu günədək müvafiq sahə üzrə üç Dövlət Proqramının uğurla icra edildiyi diqqətə çatdırılmışdır.

Ötən dövr ərzində Müvəkkil təsisatı və onun regional mərkəzləri, eləcə də Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində bu qəbildən olan şəxslərin hüquqlarına həsr olunmuş bir sıra maarifləndirmə tədbirinin keçirildiyi vurğulanmışdır.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova və tədbir iştirakçıları əhalinin sosial cəhətdən həssas qruplarının hüquqlarının müdafiəsi və maarifləndirilməsi sahəsindəki fəaliyyətinə, bu sahədə vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlığına görə Ombudsmanına təşəkkür etmişlər.