Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Akademiyasında növbəti mühazirə dinlənilmişdir

19-04-2017 200 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Akademiyasında növbəti mühazirə dinlənilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında uzun müddətdir ki, hüquqi maarifləndirmə, habelə ölkənin Ədliyyə sistemində müxtəlif istiqamətlər üzrə qulluğa qəbul olunmuş şəxslərin bilik və bacarıqlarının artırılması sahəsində səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Bu əməkdaşlıq çərçivəsində növbəti mühazirə Ombudsman Aparatının şöbə müdiri, Mili Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Akademiyada təlimlərə cəlb olunmuş icra məmurları üçün “Yuvenal Ədliyyə sistemində məhkəmədənkənar qurumların rolu” mövzusunda tədris edilmişdir.

R.Rumzadə mövzu üzrə milli və beynəlxalq təcrübə, normativ-hüquqi aktlar, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Pekin qaydaları və Ər-Riyad təlimatları əsasında həyata keçirilməli olan preventiv tədbirlər haqqında fikirlərinmi bölüşmüş, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində bu istiqamətdə təşəbbüsləri, həyata keçirdiyi fəaliyyət, habelə ölkə səviyyəsində hüquqi islahatlar kontekstində yuvenal ədliyyə sisteminə yanaşmalar, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və qarşıda duran işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamının əhəmiyyəti vurğulanmış, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübə və çətinliklər də əsas mövzularından olmuş və canlı diskussiya şəraitində geniş müzakirə edilmişdir.

Sərəncamın effektiv tətbiqi yetkinlik yaşına çatmayanlara münasibətdə ölkədə Yuvenal Ədliyyə islahatlarına da öz töhfəsini verəcəkdir. Fəaliyyət prosesində Yuvenal Ədliyyə prinsiplərinin nəzərə alınması, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş bir sıra tövsiyələrin icrası baxımından da mühüm əhəmiyyət daşıyır. 

Qeyd olunmalıdır ki, cari ildə Ədliyyə Akademiyasında uzunmüddətli tədris kurslarına cəlb olunmuş hakimliyə namizədlər, habelə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Tibb Baş İdarəsinin, İcra şöbələrinin, Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları və ilk dəfə qulluğa qəbul olunmuş müdavimləri üçün mili və beynəlxalq təcrübə əsasında “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda silsilə mühazirələr oxunmuşdur.