Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrupun üzvləri Penitensiar Xidmətin Həbsxanasına başçəkmə həyata keçirmişlər

13-04-2017 172 dəfə oxunub
Milli Preventiv Qrupun üzvləri Penitensiar Xidmətin Həbsxanasına başçəkmə həyata keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustanda yerləşən Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən iki günlük planlı başçəkmə həyata keçirmişlər. 

“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Başçəkmə çərçivəsində müəssisənin ömürlük azadlıqdan məhrumetmə cəza növündə, habelə məhkəmə qərarı əsasında cəzasının bir hissəsini həbsxana rejimində çəkən məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar keçirilmiş, saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmış, müəssisənin bəzi rejim korpuslarının kameralarında və cərimə təcridxanasında qidalanma və saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilmişdir.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər fərdi qaydada dinlənilmiş, şikayətləri, qaldırdıqları məsələlər, hüquqlarının təmin olunma vəziyyəti, habelə müraciətləri üzrə sənədləşmə araşdırılmışdır. 

Bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək qəbul edilmiş, onlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilmişdir. Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmişdir. 

Ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının icrası çərçivəsində bu müəssisədə də müasir psixoloji və sosial xidmətlərin təşkilinə, müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb edilməklə islah olunması, habelə müəyyən əmək haqqı qazanmaqla öz şəxsi ehtiyaclarını ödəmələri üçün yeni istehsalat sahələrinin yaradılmasına ehtiyac vardır.

Başçəkmə çərçivəsində müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi və məhkumların müraciətlərinin təmin olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.