Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə başçəkmə həyata keçirmişlər

13-04-2017 242 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə başçəkmə həyata keçirmişlər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi kapitan Elşad İbrahimovla birgə bu qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçirərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olmuş, hüquqi maarifləndirmə işi aparmışlar.

Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilmişdir.

Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilmişdir. 

Ombudsman Aparatının əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən gizir və zabit heyəti ilə keçirilən görüşdə respublikamızda Ombudsman təsisatının yaranma tarixi, səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat vermişlər. 

Görüşlər zamanı hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın hazır olmalarının, eyni zamanda aprel qələbəsinin əhəmiyyəti xüsusi vurğulanmışdır. 

Aparatın əməkdaşları tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Belə tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.